SSRİ kimi nəhəng dövlətin başçısı Qorbaçovun alçaldıcı ləqəbi – “Paket Mişka”

Dövlət başçıları hakimiyyətdə olduqları illərdə rəsmi ad və titulları ilə yanaşı, xalq tərəfindən qeyri-rəsmi ləqəb və təxəllüslər də qazanırlar. Mixail Qorbaçov da ad məsələsindən kənarda qalmayıb. Hələ Stavropol diyar partiya komitəsinin birinci katibi işləyərkən yaxın dairəsi onu “Paket Mişka” adlandırıb. Sözsüz ki, bu cür adlar səbəbsiz yaranmır.

Niyə məhz “Paket Mişka”?

Uzun illər Mərkəzi Komitədə çalışan, sonralar isə SSRİ prezidentinin aparat rəhbəri olan Valeri Boldin bu adla bağlı maraqlı açıqlamalar verib:

“Hələ Brejnevin hakimiyyəti illərində sadə həyat tərzi ilə özünü fərqləndirməyə çalışan, sadə dövlət məmuru obrazı yaratmağa cəhd edən Mixail Qorbaçov reallıqda tam fərqli bir şəxs idi. Stavropolda işlədiyi dövrdə yaxın ətrafı onu “Paket Mişka” adlandırıb. Qorbaçov həyat yoldaşı ilə birgə ticarət bazalarından həmişə dolu paketlərlə çıxdığından bu adı qazanıb. Moskvada da o, öz ənənəsini davam etdirib. Baş katib işləyəndə Qorbaçov öz imtiyaz və güzəştlərindən qat-qat artıq istifadə edib. Xarici ölkələrə səfərləri zamanı Qorbaçov bizdən tələb edirdi ki, ezamiyyət xərcləri bir neçə qat artıq yazılsın. Həmin pullarla Mixail və Raisa Qorbaçovlar xarici ölkələrdə mühafizə altında ticarət mərkəzlərində alış-veriş edirdilər, paketlər avtomobillərə daşınırdı. Bu, kənardan heç də yaxşı görünmürdü. Xüsusilə Raisa Qorbaçovanın şopinq ehtirası bütün protokol qaydalarını pozurdu. Hakimiyyətə gəldikdən sonra o, Moskvada bir necə mənzilə, Moskva ətrafında isə bir neçə bağ evinə sahib olmuşdu. Raisa Qorbaçovanı zinət əşyaları ilə təmin etmək üçün xüsusi adamlar ayrılmışdı. Bütün bunlardan çoxlarının xəbəri var idi və hamıya elə gəlirdi ki, bu, elə belə də olmalıdır...”

1975-ci ildən 1989-cu ilə qədər DTK-nın 9-cu idarəsinin rəis müavini vəzifəsində xidmət edən Mixail Dokuçayev müəllifi olduğu “Mən Brejnevi və Qorbaçovu mühafizə etmişəm” kitabında da Qorbaçovun “paket” məsələsinə toxunulub:

“Qorbaçov hakimiyyət hərisi idi. O, özünü böyük ustalıqla təqdim etməyi, tanıtmağı bacarırdı. Mərkəzi Komitəyə katib gəldikdən sonra isə Qorbaçov qısa müddətdə mövqelərini möhkəmlədə bildi. Əslində o, söylənilən qədər də bacarıqlı və güclü təşkilatçı deyildi. Onun Stavropola rəhbərlik etdiyi 8 illik dövrə nəzər salsaq, şahidi olarıq ki, Stavropol diyarında heç bir böyük inkişaf olmayıb. Həmin dövrdə yalnız kənd təssərrüfatı sahəsində kiçik nailiyyətlər əldə olunub ki, bu məslədə də rəqəmlər Kremlə müəyyən şişirtmələrlə təqdim edilib. Stavropol Qorbaçov üçün geniş imkanlar açıb. Belə ki, Kreml məmurlarının, demək olar ki, hamısı Stavropol diyarının ərazisində yerləşən kurort şəhərlərində istirahət ediblər. Bundan istifadə edən Qorbaçov onların qulluğunda dayanmaqla gələcəyi üçün geniş əlaqələr yarada bilib. Həmin illərdə “Paket Mişka” sanatoriyalara paket daşıyıb, nazirlərə, Mərkəzi Komitə katiblərinə xüsusi qayğı göstərib, onların rahatlığı üçün əlindən gələni edib...”

Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədən danışan Mixail Qorbaçov Mərkəzi Komitəyə katib təyin olunduqdan sonra özü qiymətli hədiyyələrdən imtina etməyib. Baş katib təyinatından sonra isə sovet lideri bu sahədə daha da təkmlləşərək sadə hədiyyələrlə “razılaşmayıb”.

Almağı bacaran Qorbaçov verməyin də vacib olduğunu yaxşı anlayıb. O, xüsusilə SSRİ-nin ən “təmiz” komunnistləri sayılan Yuri Andropovun və Mixail Suslovun ailə üzvlərini zəngin hədiyyələrlə sevindirib və bunun bəhrəsini də zaman-zaman görüb, hər iki yüksək ranqlı dövlət məmuru Qorbaçovun vəzifə karyerasında mühüm rol oynayıb. Yəqin ki, elə bu hədiyyələrə görə Suslovun qızı Maya üçün Qorbaçov ən sevimli şəxslərdən biri sayılıb.

Hiyləgər siyasətçi kimi yadda qalan Qorbaçovun kütlələr qarşısında çıxışları və tələbləri ilə əmlləri heç vaxt üst-üstə düşməyib. Çoxları bunu bilsələr də, susmağa məcbur olublar. Amma baş katibin cavabını verənlər də tapılıb. Alkoqolizmə qarşı mübarizə illərində Ukraynaya səfəri zamanı rəsmi görüşlərdən sonra Qorbaçovun şərəfinə ziyafət verilib. Süfrədə alkoqollu içkilərin olmadığını görən Qorbaçov Ukraynanın birinci katibi Vladimir Şerbitskiyə irad bildirib:- Vladimir Vasilyeviç, siz Ukraynada qonaqları belə qəbul edirsiniz? Qonaqların şərəfinə qədəh qaldırmaq sizdə adət deyil?Vladimir Şerbitski təmkinini pozmadan baş katibin sualını bir cümlə ilə cavablandırıb:- Biz belə qəbul edirik ki, qanun hamı üçün qanundur, sıravi vətəndaşdan tutmuş birinci katibə qədər.

Qorbaçov hakimiyyətdən getdikdən sonra da var-dövlətə olan hərisliyini gizlədə bilməyib. Vəzfələrini təhvil verən zaman ondan xarici dövlət başçılarının hədiyyələrini dövlət fonduna təhvil verilməsi tələb olunanda sabiq baş katiblə müvafiq qurumların əməkdaşları arasında qalmaqal yanaşıb. Qorbaçov onlara bildirib ki, bu hədiyyələr şəxsi hədiyyə sayılır.

Qeyd edək ki, “Paket Mişka” bu gün də adını daşıdığı fonda beynəlxalx təşkilatlardan paketlərin gəlməsi üçün səylərini əsirgəmir.

Onu da qeyd edək ki, 1988-ci ildə alovlanan Qarabağ münaqişəsinin ilk illərində Qorbaçovun arvadı Raisa Maksimovanın ermənilərdən olduqca bahalı brilyant alması və bunun qarşılığında ermənilərə dəstək verməsi barədə geniş yayılmş söz-söhbət dolaşırdı.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az