Cəmi 43 yoluxmaya görə hakimiyyət sərt qapanma tətbiq edir - Çində

Çin hakimiyyəti ölkədə koronavirusa bir gündə cəmi 43 yoluxmanın qeydə alınmasından sonra sərt qapanma tətbiq edir və yoluxmanın mənbəyini aşkarlamaq üçün sanballı pul mükafatı vəd edir.

Virtualaz.org xəbər verir ki, Çinin şimalında Rusiya ilə sərhəddə koronavirusa son yoluxmaların mənbəyinə aparacaq informasiyaya görə bir neçə min dollar təklif olunur. Son aylarda ilk dəfə ölkədə COVID-19-a yoluxmalar artır.

Noyabrın 9-da Çin 20 vilayət və regionda 43 yoluxma aşkarladığını bildirib. Milyonlarla insanı əhatələyən lokdaunlar tətbiq olunub, yerli səyahət qaydaları sərtləşdirilib, bir çox təyyarə və qatar reysləri təxirə salınıb.

Asiyanın bir çox ölkələrinin COVID-19 məhdudiyyətlərini qaldırmasına baxmayaraq, Pekin rəsmiləri sərt antivirus strategiyası yürütməkdədir. Sərhədlərin bağlanması, hədəfli lokdaunlar, uzunmüddətli karantinlər sayəsində yoluxmalar xeyli azdır. Ancaq son dalğa 40-dan çox şəhəri əhatələyir. Heihe şəhər rəsmiləri informasiyaya görə 100 min yuan (15 min 500 dollar) təklif edir.

“Virusun mənbəyini mümkün qədər tez aşkarlamaq və yoluxma zəncirini tapmaq üçün epidemiyanın önlənməsi və nəzarət üzrə xalq müharibəsi aparılmalıdır”, – şəhər hökuməti bildirib.

Rəsmilərin sözlərinə görə, qaçaqçılıq, qanunsuz ov, sərhədi keçərək balıq tutma haqda dərhal məlumat verilməlidir, onlayn yolla idxal məhsulları alanlar onları dərhal strelizə etməli, testə göndərməlidir.

Çində beş vaksin təsdiqlənib, amma onların 50-82 faiz arasında dəyişən effektivliyi ABŞ və Avropa şirkətlərinin hazırladığı vaksinlərdən geri qalır. Rəsmi Sinxua agentliyi Çinin pandemiyaya yanaşmasını tənqid edənlərə xitabən yazıb ki, “sərt məhdudiyyətlər həyatları xilas etməyin ən yaxşı yoludur”, Pekinin cəhdləri “sual doğurmamalıdır”.

Çin bundan əvvəl də koronavirusa cəmi bir neçə yoluxma faktına görə milyonlarla əhalisi olan bütöv şəhərləri bağlayıb, əhalini ucdantutma testdən keçirib.

pia.az