Tanınmış tarzən Firudin Ələkbərov vəfat edib

Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü Firudin Ələkbərov vəfat edib.

Bu barədə APA-ya sənətçinin qızı Gülşən Ələkbərova məlumat verib. O bildirib ki, atası bu gecə ürək çatışmazlığından vəfat edib.

Firudin Ələkbərov 1921-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə və Bakıda Musiqi Texnikumunu bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Filarmoniyasında başlayan sənətçi 1946-78-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, sonra 1992-сi ilədək “Azkonsert” Dövlət Qastrol-Konsert Birliyinin solisti olub. 1991-ci ildən Əhməd Cavad adına Bakı Mədəni-Maarif Texnikumunda, 1993-cü ildən 3 saylı, 2000-ci ildən Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəblərində tar müəllimi işləyib.

1941-1945-ci illərdə “Əməkdə fərqlənməyə görə”, 1986-cı ildə “Əmək veteranı” medallarına (SSRİ), 1989-cu ildə Əməkdar artist fəxri adına, 2002-ci ildə Prezident təqaüdü, 2005-ci ildəsə Heydər Əliyev Fondunun təqaüdünə layiq görülüb.

Azərbaycan televiziyası və radiosunun “Qızıl fond”unda lent yazıları var. O, sonuncu müsahibəsini bu ilin sentyabr ayında Seymur Elsevərin “Bizimkilər” proqramına vermişdi.

pia.az