“Ermənilər üçün seçim zamanıdır: ya türklə dost olub, adam kimi yaşayacaq, ya da çıxıb gedəcəklər”

Hulusi Kılıç: “Zəngəzur dəhlizi həll edilmədən Türkiyə Ermənistanla sərhədlərini aça bilməz, normallaşma olmaz”.

Azərbaycanda səfir işlədiyi ilk gündən hər zaman yanımızda olan, kədərimizə, itkilərimizə bizimlə birgə üzülən, Qarabağla bağlı ədalətli mövqeyimizi uca səslə hər kəsə duyuran, həmçinin Moldovada Türkiyəni təmsil etdiyi dönəmdə “Bir millətin, iki dövlətin səfiri” olaraq fəaliyyət göstərən dəyərli diplomat Hulusi Kılıç 44 günlük savaş dönəmində də, ondan sonrakı dönəmdə də bizimlə bərabər oldu. Bəlkə də tamamilə məntiqəuyğunluq var ki, dəyərli Türkiyə diplomatı Azərbaycanın Zəfər günündə də qardaşları ilə bir yerdədir, Bakıda möhtəşəm tarixi qələbəmizin ildönümünə canlı şahidlik etməkdən ötrü ikinci Vətəninə gəlib. Musavat.com Hulusi bəylə müsahibəni təqdim edir:

- Hulusi bəy, sizi xoş gördük! Bakıdakı görüşlərinizi, kitabınızla bağlı İmza gününüzü izlədik, həmçinin kitabın satışından əldə olunan vəsaiti YAŞAT Fonduna keçirdiyinizi bildik. Yəqin ki, Azərbaycanın böyük Zəfərini qardaşlarınızla bərabər bayram etmək üçün təşrif buyurdunuz, eləmi?

- Təşəkkür edirəm. Mən yenə burada, Vətəndəyəm, doğma şəhərim Bakıdayam. Doğru söylədiniz. 44 günlük Vətən Müharibəsi dönəmində zatən, ağlım, ruhum Azərbaycandaydı. Şükürlər olsun ki, bizim bu savaşı 44 gündə qazandıq, tarixi Zəfər əldə etdik. Mən xüsusilə də Azərbaycanın ilk Zəfər bayramında burda olmaq istədim. Bilirsiniz ki, mən burda səfir olanda da “Qarabağ uğrunda şəhid olmağa hazıram”, demişdim. Ona görə də Qarabağ zəfərinin qazanılması mənim üçün də çox önəmli hadisədir. Çox şükürlər olsun ki, bu günləri gördük. Bayram ərəfəsində Bakıda olduğum günlərdə insanları çox fərqli gördüm. Yəni qamətləri düz, başları dikdir, gözləri gülür. Nəticə etibarilə torparlarımızı 30 ildən sonra ermənidən geri aldıq. Təbii ki, 30 il uzun bir müddət idi. Bu zəfərin qazanılmasından sonra torpağın nə qədər önəmli olduğunu bir daha görürəm. Torpaq Vətəndir, amma o torpaqları necə aldıq? Şəhidlərimizin qanları ilə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin! İşğaldakı torpaqlarımızı cənab prezidentin üstün liderliyi sayəsində azad etdik. Birinci vitse-prezidentin cənab prezidentə göstərdiyi dəstək, çiyin-çiyinə, zəfərimizə doğru addımlaması, xalqın cənab prezidentə və ordusuna göstərdiyi dəstək, həmrəylik sayəsində, modern ordunun gücü ilə o torpaqları geri qaytardıq.

- Həmçinin qardaş Türkiyənin dəstəyi ilə...

- Təbii ki. Türkiyənin də dəstəyini qeyd etməliyik. Biz deyirik ki, bizim olan sizin, sizin olan bizim. Mən bunu daha öncə də demişdim. Mən 2008-ci ildə, buraya səfir gələndə demişdim ki, Azərbaycan üçün çalışmaq Türkiyə üçün çalışmaq, Türkiyə üçün çalışmaq Azərbaycan üçün çalışmaqdır. Artıq bunu hər kəs söyləyir. Xüsusilə də yuxarı səviyyələrdə söylənilənlər çox gözəldir. Zatən artıq nə deyirik: “Biz bir millət, bir dövlətik”. Bizbunu gördük. Savaşdan sonra da cumhurbaşqanımız Rəcəb Tayyib Ərdoğanın, Məclis başqanımızın, cumhurbaşqanı yardımçımızın, nazirlərimizin, başda xarici işlər nazirimiz Çavuşoğlu, müdafiə nazirimiz Hulusi Akar olmaqla onların verdiyi dəstək Türk xalqının verdiyi dəstək idi. Türkiyə nə etdi? Gedib cəbhədə savaşmadı. Amma siyasi, diplomatik və informasiya savaşı yürütdü. Bu olduqca vacib idi. Əslində cənab prezident hər dəfə Türkiyənin verdiyi dəstəyi məmnunluqla söyləyir ki, bu, gerçəkdən bizim qardaşlığımızı zirvəyə çıxartdı. Artıq bir millət, bir dövlət kimi hərəkət edirik.

- Şuşa Bəyannəməsi də məsələnin hüquqi tərəfinin möhürü oldu, elə deyilmi?

- Təbii ki. Şuşa Bəyannaməsi konstitusiya, ana yasadır. Bütün anlaşmaların anasıdır. Bu müqavilə bizi strateji ortaqlığa gətirdi ki, bundan sonra daha da irəliyə gedəcəyik. Bunlar əslində qonşularımız üçün də ciddi mesajdır. Təbii ki, biz qonşularımızla dostluq, yaxşı qonşuluq münasibətlərinin olmasını istəyirik. Ona görə də gerçəkdən burada olduğuma görə özümü çox şanslı hesab edirəm. Bu günləri illərdir gözləyirdim. Mən hər zaman deyirdim ki, azərbaycanlıdan daha çox azərbaycanlıyam. Bu, tamamən türklük duyğusudur. Bu torpaqlarda yaşayanlar da türkdür, Türkiyədə yaşayanlar da. Hamımızın eyni mövqedə olması lazımdır ki, gələcəkdə uşaqlarımız daha gözəl ortamda yaşasın. Çıxıram, Zəfər günü ilə bağlı yazıları görürəm, Türkiyə və Azərbaycan bayraqlarının asılmasını müşahidə edirəm, qürurlanıram. Bu bayramda Azərbaycanda olmaq mənimçün böyük bir xoşbəxtlikdir. “44 gün Vətən Müharibəsi” adlı kitabımızın İmza gününü də keçirdik. Oraya keçmiş Məclis başqanımız Cemil Çiçək, Azərbaycandakı böyükelçimiz təşrif buyurmuşdu, həmçinin azərbaycanlı millət vəkili Məlahət İbrahimqızı, digər dəyərli insanlarımız, ziyalılarımız, oxucularımız. Kitabın satışından əldə olunan vəsait YAŞAT Fondunun hesabına köçürüldü, ümumilikdə 12 min manat, amma satış davam edir və YAŞAT-a köçürülən vəsaitin davamı olacaq.

- Çox gözəl və nəcib bir addımdır. Hulusi bəy, bilirik ki, Azərbaycanın Türkiyədəki yeni səfiri ilə çox gözəl münasibətləriniz var, bir-birinizə böyük dəyər verirsiniz.

- Bəli. Gerçəkdən mən səfirimizi çox sevirəm. Qısa müddətdə həmən alışdı, qaynayıb-qarışdı. Hər kəs tərəfindən sevilir. Mən də bir qardaş kimi hər zaman onun yanında olacağımı, istədiyi zamanı yardım edəcəyimi söylədim. O da sağ olsun, mənim fikirlərimə önəm verir. Hər zaman onun yaxınında, yardımında, yanında olacağam.

- Sizi hər zaman bir millətin səfiri olaraq tanımışıq və diplomatik fəaliyyətinizə rəsmən son versəniz də, şərəfli missiyanızı davam etdirirsiniz. Təbii ki, belə fəaliyyət və iki ölkənin diplomatları arasında yüksək münasibətlər dövlətlərimizin gücünə əlavə güc qatır...

- Tam doğru, bizim gücümüzü artırır. Bu mənim vəzifəmdir. Mən də vaxtilə “bir millətin səfiri olacağam”, deyib gəlmişdim. İndi də bir millətin səfiri olmaqda davam edirəm, kimsənin işinə qarışmıram. Yəni hər kəs öz işini görür. Ona görə də kimsə yanlış anlamasın. Düz başa düşülürsə, nə gözəl. Əlimizdən gələni etməkdə davam edəcəyik. Bir millətin səfiri nə etdi: kitab yazdı, dəstək oldu.

- Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə də münasibətləriniz yüksək səviyyədədir. Onun barəsində nə deyə bilərsiniz?

- Bakıdakı böyükelçimiz Cahit bəy də gerçəkdən çox uğurlu fəaliyyət göstərir, çox çalışır, əmək sərf edir. O baxımdan gerçəkdən çox şanslıyıq. Cahid bəyin Bakıda, Rəşad bəyin Ankarada səfir olması gücümüzü daha da artırır. İki böyük elçi də çox yaxşı durumda fəaliyyətə başladılar, savaşı qazanmışıq, Qarabağ abadlaşır, Füzuliyə cümhurbaşqanlarımız endi, Zəngəzur dəhlizinin təməli qoyuldu.

- Zəngəzur dəhlizi ilə çalışmalar haqda düşüncələriniz necədir?

- İnşallah, o da reallaşacaq, kiminsə şübhəsi olmasın.

- Zəngəzur dəhlizindən Azərbaycana qatarla gəlmək istərdiniz, yoxsa avtomobillə?

- Doğrusu, ikisi ilə də gəlmək istəyirəm. Hər ikisi çox gözəl olar. Zəngəzur dəhlizi gec-tez açılacaq. Cumhurbaşqanımız nə dedi? Dedi ki, Gürcüstanın baş nazirinin vasitəçiliyi ilə Paşinyan görüşmək istəmiş. Amma cavabında “Zəngəzurdan danışmayacağıqsa, nədən danışacağıq”, deyib. Mənə görə münasibətlərin normallaşması üçün iki şərt var: birincisi, cənab prezidentin razılığı alınacaq, ikinci də Zəngəzurdan danışılacaq. Bu, mənim şəxsi fikrimdir. Heç şübhəsiz ki, münasibətlərin normallaşdırılması üçün ilk olaraq cənab prezidentin mövqeyi öyrəniləcək, zatən bu məsələlər bərabər yürüdülür.

Zəngəzur dəhlizi məsələsi həll edilmədən Türkiyə Ermənistanla sərhədlərini aça bilməz, normallaşma olmaz. Mən bunu keçmiş səfir olaraq deyirəm. Dövlətimizin, Türkiyənin siyasətini də az-çox təqib edirəm, Zəngəzur dəhlizi əlaqələrin normallaşması üçün bir şərtdir.

- Cənab Prezident də Qarabağda bəyan etdi: buradan İstanbula avtomobillə gedəcəyik!

- Təbii. O, çox önəmli mesaj idi. Eyni zamanda Ermənistan bilsin ki, Zəngəzur dəhlizi Ermənistanın işinə daha çox yarayacaq. Birincisi, Türkiyə ilə əlaqələr normallaşdığı halda, diasoporanın basqısından qurtulacaqlar. Qazanan Ermənistan olacaq. Disaspora bir tərəfdən, kilsə bir tərəfdən Ermənistanı əsarətdə saxlayır. Mənə görə, bu günədək müstəqil Ermənistan olmadı. Hörmətli Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çox gözəl fikirlər səsləndirib. Qeyd edib ki, Ermənistan olanlardan dərs çıxarmalıdır. “Erməni diasporunun liderləri Los-Ancelesdə, Parisdə oturub qəhvə içə-içə Ermənistanı işğala səsləyir. Erməni diasporu da öz iddialarına son qoymalıdır ki, proseslər normallaşsın”, deyə, Hikmət müəllim bildirib. Tamamilə doğrudur, mən Hikmət müəllimin söylədiklərinə tamamilə qatılıram.

- Hulusi bəy, Zəngəzur dəhlizinin münasibətlərdə önəmli faktor olacağını qeyd etdiniz. Bəs, Ermənistanın Türkiyəyə qarşı saxta soyqırım və konstitusiyasında, gerbində əksini tapan ərazi iddiası ilə bağlı məsələlər necə olacaq? Bu məsələlər masaya qoyulacaqmı? Unutmamalıyıq ki, Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiaları əksini tapıb və belə olan təqdirdə əbədi sülh anlaşmasından söhbət gedə bilməz, elə deyilmi?

- Ermənistanın dərhal ağlını başına yığması lazımdır! Türkiyə kimi bir dövlətə qarşı ərazi iddiası irəli sürmək...Biz də vaxtilə balkanlardan gəldik, Suriya da Osmanlının tərkibindəydi, Afrikayadək uzanırdı bu sərhədlər. İndi bu məsələləri ortaya atmaq olmaz! Amma ermənilərin ümumiyyətlə, torpağı olmayıb bu coğrafiyada. Sual edim: ermənilər Ermənistanı özlərimi qurdular, yoxsa biriləri hədiyyəmi etdi? İrəvan bir erməni şəhəridir, yoxsa türk şəhəri? Ermənilər bu sualların cavabını versinlər. Bu, tarixi faktdır ki, erməniləri bu coğrafiyaya köçürdülər, İrəvan türk şəhəridir. Ona görə də ağıllı bir siyasət yürüdürlərsə, bu problemlər çözülər. Ağıllarını başlarına yığıb, Ağrı tərəfə boylanmasınlar. Anlasınlar ki, bizim kimsənin torpağında gözümüz yoxdur, bizim torpağımızda gözü olanın da gözünü çıxararıq! Odur ki, Ermənistanın ağlını başına yığıb, konstitusiyasına düzəliş etməsi lazımdır, başqa cür ola da bilməz! Bunu xüsusilə söyləyirəm, nə Türkiyənin, nə Azərbaycanın xalqlarla bir düşmənçiliyi yoxdur. Bunu cənab prezidentlər də dəfələrlə dedilər. Amma yanlış siyasətçilər erməni xalqını bu duruma gətirir. Erməni diasporu və kilsəsi də məsələlərə qarışırlar, düşmənçiliyi qızışdırırlar. Türkiyədə 100 min erməni çalışır. 70-80 min erməni kökənli Türkiyə vətəndaşı var. Bunların bir problemi varmı? Əgər Türkiyədə ermənilərlə bağlı bir problem olsa, 100 min erməni oraya gedərdimi? Azərbaycanın paytaxtında 30 min erməni yaşayır, bir problemləri varmı? Odur ki, mən Qarabağdakı ermənilərinə müraciət edirəm: yoxsul bir erməni vətəndaş olmaqdansa, zəngin bir Azərbaycan vətəndaşı ol, adam kimi yaşa! Ya da yoxsulluğu seçəcəksənsə, çəkil, get bu məmləkətdən! Ermənilər üçün seçim zamanıdır: ya Türklə dost olub, adam kimi yaşayacaq, ya da çıxıb gedəcəklər! Bizim dostluğumuz çox qiymətlidir, odur ki, dostluğumuzun qiymətini bilsinlər, ağıllarını başlarına yığsınlar. Azərbaycan sülh anlaşması üçün hazırdır, artıq Ermənistan savaşın psixoloji basqısından qurtulsun, bitdi o dönəm, yeni bir gerçək var, o gerçəyi qəbul etsinlər! Bu gerçəkliyi qəbul edərlərsə, artıq gələcəyə doğru addım atarlar, bölgədə, Qafqazlarda sülh, əmin-amanlıq olar və erməni xalqı da bölgədəki inkişafdan payını alar. (musavat.com)

pia.az