“İsrail ordusu istənilən vaxt İrana hücuma başlamağa hazırdır...”

İsrail hərbi kəşfiyyatının keçmiş rəisi Amos Yatlin İrana xəbərdarlıq edib...

İranla İsrail arasında nüvə silahı məsələsinə görə gərginlik artır. Hər iki ölkə bu günlərdə hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin təlimlərini keçirirlər. Bu arada İsrail hərbi kəşfiyyatının keçmiş rəisi Amos Yatlin xəbərdarlıq edib ki, məsələ istənilən vaxt hərbi müstəviyə keçə bilər. Onun sözlərinə görə, İsrail istənilən vaxt İrana hücum etmək haqqını əldə saxlayır.

virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, general Amos Yatlin İranın nüvə proqramlarına dair davam etməkdə olan danışıqların nəticələrini gözlədiklərini deyib. Bildirib ki, İsrailin İrana qarşı cavab tədbirləri bu danışıqların nəticəsindən asılı olacaq. Bununla belə keçmiş kəşfiyyat rəisi İrana qarşı hərbi əməliyyatlara başlamağın İsrail üçün asan qərar olmayacağını da deyib.

General Yatlin qeyd edib ki, İsrail ordusunun İranın nüvə proqramını sabotə etmək üçün bütün imkanları var və istənilən vaxt hücum edə bilər. Onun  fikrincə, İranı hərbi baxımdan məhv etmək böyük problem deyil, amma bunun nəticələrinin öhdəsindən də gəlmək lazımdır.  

pia.az