Elnur Məmmədli: "Yeni rəhbərlikdən gözləntilərimiz yüksəkdir"

PİA.az Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədlinin reporta müsahibəsini təqdim edir:

- Noyabrın 5-də Bakıda Böyük Dəbilqəyə star veriləcək. Yarışa hazırlıqlar necə gedir?

- Bakıdakı Böyük Dəbilqə, demək olar ki, hər il keçirilir. Ötən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Bu il isə turnir Zəfər Günü ərəfəsində olacaq. Hazırlıqlar demək olar ki, yekunlaşıb. İdmançılarımız da hazırdır, durumları da əladır. Turnir azarkeşsiz keçirilsə də, biz cüdoçularımıza azarkeşlik edəcək və onların yanında olacağıq. Öz fikirlərimizi və məsləhətlərimizi artıq çatdırmışıq. İnanıram ki, idmançılarımız motivasiya ilə və layiqincə güləşəcəklər.

- Azərbaycan idmançılarından gözləntiləriniz nədir?

- Yaxşı nəticələrə ümid edirik. Çünki qələbəyə layiq cüdoçularımız çoxdur. Yarış ölkəmizdə keçiriləcəyindən, hər çəkidə bir neçə idmançı ilə təmsil olunacağıq. Gənclərlə yanaşı, Orxan Səfərov (66 kq), Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) kimi liderlərimiz də güləşəcək.

- Açılış mərasimində kimlər iştirak edəcək?

- Mərasim sabah saat 17:00-da başlayacaq. Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq tədbirə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, ACF-nin prezidenti Rəşad Nəbiyev və federasiyamızın sabiq prezidenti, İJF İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev də qatılacaq.

- Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF prezidenti seçilib. Yeni rəhbərlikdən gözləntiləriniz nədən ibarətdir?

- Gözləntilərimiz yüksəkdir. Hər şey yaxşı olacaq. Cüdo məşhur idman növüdür. Gələcəkdə zamanla baş verənləri görəcəyik. İnanıram ki, hər şey çox yaxşı olacaq.

- Rəhbərlik cüdoçular və məşqçilər korpusu ilə görüşübmü?

- Görüş dünən gerçəkləşib. Federasiya prezidenti Rəşad Nəbiyev idmançılarla görüşərək, xeyir-dua verdi. Orada ACF-nin I vitse-prezident Rövşən Rüstəmov və mən də iştirak edirdim. Məşqçilərlə və idmançıların hazırlıqları ilə bağlı danışdıq. Baş məşqçi Mövlud Mirəliyev dedi ki, uşaqların hazırlıqları yüksək səviyyədədir.

- Mövlud Mirəliyev əvvəlki rəhbərliyin dönəmində baş məşqçi təyin edilib. Yeni rəhbərlik onunla yola davam edəcəkmi?

- Mövlud Mirəliyev 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış cüdoçumuzdur. Onun köməkçisi Elçin İsmayılov isə Avropa çempionumuzdur. Köhnə-yeni rəhbərlik söhbəti etmirik. Əl-ələ verib işləyəcəyik. Onlar bizim üçün köhnə deyillər, hamısı ilə birlikdə çalışmışıq. Mövlud müəllim də Azərbaycanın bayrağını qaldırıb. Təbii ki, o postunda qalacaq və davam edəcək. Onunla yolları ayırmaq fikrimiz yoxdur.

- Davud Məmmədsoy (60 kq) və Elmar Qasımov (100 kq) müxtəlif narazılıqlar səbəbindən məşqlərə qatılmırlar. Onların yenidən yığmaya dönüşləri gözlənilirmi?

- Onları heç kim milli komandadan qovmayıb. Bizim zalımız hər zaman üzlərinə açıq olub, həmişə də açıqdır. Onlara təklif də etmişdik ki, gəlin, məşqlərinizi edin. Cüdoçular özləri gəlmirsə, biz fikirlərinə cavabdeh deyilik.

pia.az