Prezident Xızıda yenidənqurma işləri ilə tanış olub - Foto

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən abadlıq və quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayon sakinlərinin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3,6 hektar ərazidə salınmış parkda ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb. Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin təşkilində ciddi dəyişikliklərə səbəb olub. Şəhər və rayonlarımızın simasını daha da gözəlləşdirən yeni parkların salınması, həmçinin mövcud parkların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu da regionlarda həyata keçirilən quruculuq işlərinin davamlı və kompleks xarakter daşımasına əyani sübutdur.Prezident İlham Əliyevə Xızı şəhərinin mərkəzi hissəsinin yenidən qurulması layihəsi barədə ətraflı məlumat verildi.Bildirildi ki, layihədə nəzərdə tutulan "Xızı Grand Hotel" ən yüksək standartlar səviyyəsində inşa olunacaqdır.