Türkiyə ordusu növbəti yüksək texnoloji PUA əldə edib: 50 saat havada qalır, hücum və müşahidəyə yararlıdır

Türkiyə Aviasiya və Kosmik Sənayesi tərəfindən hazırlanan “Anka-Aksungur” silahlı pilotsuz uçuş aparatı ölkə Silahlı Qüvvələrinin istifadəsinə verilib. Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri İsmail Dəmir bildirib.

Dəmir qeyd edib ki, “Anka-Aksungur” bütün testlərdən uğurla çıxıb və ilk belə silahlı pilotsuz aparatı Türkiyə Dəniz Qüvvələri Komandanlığına təqdim edilib.

“Anka-Aksungur” 750 kq faydalı yük götürür, 50 saat havada qalır.

Qeyd edək ki, “Anka-Aksungur”un uzunluğu 12 m (39 fut), hündürlüyü 3 m-dır (9,8 fut). PUA-nın gövdəsi mərkəzi qanadlar altındadır. Avionika, kamera və sensor sistemləri burun hissədədir. Sursat və ya digər xarici yükləri yerləşdirmək üçün hər qanadın altında üç asqı mövcuddur. Bu sabit nöqtələr 150, 300 və 500 kq ağırlığında yük daşımaq üçün nəzərdə tutulur.

PUA gündüz və gecə çoxfunksiyalı kəşfiyyat, müşahidə, hücum əməliyyatları yerinə yetirə bilir. “Aksungur” TEBER-81 (lazerlə idarə olunan MK-81 bombası), TEBER-82 (lazerlə idarə olunan MK-82 bombası), LUMTAS, MAM-L, “Roketsan Cirit”, MAM-C, HGK-3, KGK-82 və digər sursatları tətbiq etmək qabiliyyətinə malikdir.

pia.az