Müsavatın 110 yaşı

Müsavat Partiyasının 110 yaşı tamam olur.

1911-ci ildə yaradılan Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

1920-ci ildən mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci il noyabrın 8-də Bakıda keçirilən qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. 2014-cü ildən partiyaya Arif Hacılı başqanlıq edir.

Novator.az-ın məlumatına görə, Arif Hacılı özünün “Facebook” səhifəsində yazır: “1911-ci ildə üzərimizə yürüyən rus imperializminə qarşı əks-təsir kimi yaranan Müsavat” (Mirzə Bala Məmmədzadə) qısa müddət ərzində milli məfkurəyə əsaslanan istiqlalçılıq, milliyyətçilik, xalqçılıq, cümhuriyyətçilik ideyalarını yalnız Azərbaycana deyil, bütün Rusiya imperiyası ərazisinə, bütün islam dünyasına gətirən, ümmətçiliyi millətçilikdən ideal şəkildə ayırmağa nail olan ilk siyasi partiya kimi xalq arasında böyük nüfuz qazandı.

Güney Qafqazda 114 min kvadrat kilometr ərazisi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması siyasi lider olaraq Məhəmməd Əmin Rəsulzadənin adı, siyasi təşkilat olaraq Müsavat Partiyasının adı ilə bağlıdır.

Bu gün də mövcud olan dövlətimizə görə ilk növbədə Müsavat Partiyası və müsavatçılıq ideologiyasının, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına borcluyuq.

Müsavat, müsavatçılıq bu gün də Azərbaycan cəmiyyətinin əsas dayaqlarından biridir. Azərbaycan xalqı yalnız Müsavat dəyərlərinə əsaslanan hüquqi dövlətin, demokratik cəmiyyətin qurulmasından sonra həqiqi xoşbəxtliyinə qovuşacaq”.

pia.az