İran, Türkiyə, Azərbaycan və digərləri...

Azərbaycan-Türkiyə ittifaqı və ona əlavə edilən Pakistan ittifaqı İranı son dərəcə narahat edir. Türkiyə-İran gərginliyi də sürətlə artır...

Süleyman Seyfi Öğün“Yeni Şafak” qəzeti, Türkiyə, 7 oktyabr 2021-ci il

Baydenin hakimiyyətə gəlişindən sonra aparılan ilk dəyərləndirmələr ABŞ-Rusiya və ABŞ-Türkiyə münasibətlərinin eyni vaxtda gərginləşəcəyi istiqamətində idi. Seçki kampaniyaları zamanı Bayden və komandasının verdiyi açıqlamalar bu cür şərhləri olduqca açıq şəkildə dəstəkləyirdi. Demokratların fikrincə, Tramp Rusiyanın öz xeyrinə ABŞ seçkilərinə müdaxilə etməsinə icazə verib və bunun müqabilində Rusiyaya tolerantlıq göstərib. Həmçinin, o, NATO-ya və ABŞ-AB münasibətlərinə əhəmiyyət verməyib. Rusiya bu küləkdən istifadə edərək “ərkəsöyünləşib” və NATO-ya qarşı cəsarətli bir münasibət və davranış göstərib. Tramp isə Çini hədəfə almışdı. Bununla belə, bütün problemlər Çinlə diplomatik yollarla həll edilə bilər. Əsas təhlükə soyuq müharibə dövründə olduğu kimi Rusiya idi. Bayden isə NATO-nu bərpa edəcəyinə söz verib.

ABŞ-Türkiyə münasibətləri ilə bağlı hər şey artıq aydın idi. Türkiyə də Tramp tərəfindən laqeydliklə qarşılaşmış və bu fürsətdən istifadə edən Rusiya və İranla ortaqlıq quran Ərdoğan NATO anlayışlarından kənara çıxıb və özünə yer açıb. Ərdoğan mütləq şəkildə devrilməli, Soçi və Astana kimi proseslər məhv edilməli idi.

Lakin bu inkişaf gözlənildiyi kimi getmədi. ABŞ-AB əlaqələrindən heç bir nəticə çıxmadı. NATO-nun son zirvə toplantısı isə tam bir fiasko oldu. Sonda ABŞ-İngiltərə cütlüyü ilə Avstraliya əl-ələ verməklə ilk növbədə Fransaya zərbə vuraraq və ümumən, AB-ni kənarlaşdıraraq Sakit okeanda Çinə qarşı AUKUS yaratdı. Putinlə görüşən Bayden Rusiyanı kənara qoyd. Hətta bəzi dairələrə görə, Bayden Putinlə razılaşıb və Çin əleyhinə bir siyasətə fokuslandığını bildirib.

Baydenin seçkiqabağı verdiyi açıqlamalarla hərəkətlərinin tamamilə zidd olduğunu iddia edə bilmərəm. İsraili, Səudiyyə və Körfəz ərəblərini uzaqlaşdıracağına və İranla münasibətlərinin yumşalacağına söz vermişdi. Bu vədlərin indiyə qədər yerinə yetirildiyini izləyə bilərik. Onun Türkiyəyə qarşı sərt və barışmaz münasibəti də praktikada öz yerini tapdı.

Göstərməyə çalışdığım bu mənzərə qısa müddətdə mövcud vəziyyəti dəyişdirdi. Bu proses İsrail və Rusiyanı tez bir zamanda yaxınlaşdırdı. Bu yaxınlaşma, xüsusən də Rusiya-İran münasibətlərində Suriya mövzusunda heç vaxt olmadığı qədər “problemli” hala gəldi. Türkiyə-Rusiya və Türkiyə-İran münasibətlərini isə daha “kövrək” hala saldı. Türkiyə-Rusiya münasibətlərindəki titrəmələr hazırda Ərdoğan-Putin cütlüyünün zamanla inkişaf etdirdiyi şəxsi əlaqələrlə balanslaşdırılır. Amma Rusiya-türkiyə münasibətlərinin gələcəyini tam olaraq proqnozlaşdıra bilmirik.

Əslində, əsas məsələ iki fərqli “daxili zolaqda” baş verən hadisələrdir. Bunlardan birincisi, Türkiyə və Rusiyanın Ukrayna və Krım mövzusunda “həssas” coğrafiyalarda irəli sürdüyü siyasətlər idi. Türkiyənin atdığı addımlar, Ukraynaya verdiyi hərbi və strateji dəstək, Krımın ilhaqını rədd edən yanaşma Putinin təhlükəsizlik bürokratiyasını qəzəbləndirib. Putin hələlik onları sakitləşdirir.

Digər zolaq isə Qafqazda baş verənlərdir. Azərbaycan-Türkiyə ittifaqı və ona əlavə edilən Pakistan ittifaqı İranı son dərəcə narahat edir. Türkiyə-İran gərginliyi də sürətlə artır.

İlk günlərdən bəri vurğuladığım kimi, İsrailin Azərbaycanda olması daha diqqət çəkən bir məqamdır. İsrailin ilk dəfədir ki, İrana bu qədər yaxınlaşıb. İranı qəzəbləndirən də məhz budur. Azərbaycan-İsrail münasibətlərinin bundan sonra necə inkişaf edəcəyi çox önəmlidir. Türkiyə-İsrail münasibətlərinin mövcud vəziyyətini əsas götürsək, bu kursun çox düşündürücü cəhətləri olduğunu görürük. Türkiyə-İran qarşıdurmasının böyüməsi Qafqaz siyasəti baxımından həm Rusiyaya, həm də ABŞ-a fayda verir. Digər tərəfdən də İsrail bu gərginliyi artırmaqla böyük fayda görür. Nəhayət, Türkiyə ilə İran arasındakı gərginlik AB-ni, xüsusən də İranla yaxın əlaqələri olan Fransanı sevindirəcək.

Yunanıstan-Misir-İsrail, Körfəz ölkələri və nəhayət, Hindistan tərəfindən sıxışdırılan Türkiyənin bir də Şərqdən sıxışdırılması da bu balansı gücləndirəcək. İraq və Suriya da daxil olmaqla, Misir-İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-ni əhatə edən “Su Məsələsi” əsasında yeni ərəb millətçiliyi dalğasını da nəzərə almaq lazımdır. Bu dalğanın məqsədi Türkiyə və İranı eyni vaxtda İraq və Suriyadan kənarlaşdırmaqdır.

Məsələnin enerji axını üzərində də qiymətləndirilməli olan ölçüləri var. İranın niyyəti Türkiyəni enerji axını xəritəsində təsirsiz bir ünsürə çevirmək və inhisarçı olmaqdır. Bu məqsədlə, Bakı-Tbilisi-Ceyhan xəttinin Türkmənistan nefti və təbii qazını da əhatə edəcək şəkildə inkişaf etməsinə mane olmağa çalışır. Bunun əvəzinə İraq və Suriyadan keçən şiə boru xəttini həyata keçirmək istəyir. Rusiya isə türk axını xaricində alternativ bir xətt istəmir.

Bir sözlə, yaxın günlərdə bölgədə dramatik hadisələrə şahidi olacağımızı demək mümkündür.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az