Azərbaycan və Ermənistan arasında yeni razılaşma iddiası - Politoloq “məntiqsizdir” deyir...

Belə bir razılaşma əslində Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən imtina etmək və faktiki olaraq kapitulyasiya etməsi anlamına gəlmirmi?.

Politoloq: “Əgər Rusiya sülhməramlılarını müddətsiz Qarabağda qalarlarsa, həmin ərazilərimizə nəzarət imkanını itirmiş olarıq. Bu nöqteyi-nəzərdən Azərbaycanın sülhməramlılarının müddətsiz Qarabağda qalacağına razılıq verməsinə inanmıram”.

“Həmişə “Hraparak” nəşri şişirdilmiş, həqiqətə uyğun olmayan məlumatlar yayır”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın “Hraparak” nəşrinin Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan tərəflərinin yeni razılaşmaya gəlmə xəbərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın “Hraparak” nəşrinin dünən axşam yaydığı qeyri-rəsmi məlumata görə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan tərəfləri yeni razılaşma əldə ediblər. Razılaşmaya əsasən Qarabağın statusu müəyyənləşmədən sərhədlərin delimitasiya və demarkasiyasına başlanacaq. Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu müddətsiz uzadılır. Zəngəzur dəhlizi açılır və dəhlizdən istifadəyə görə Azərbaycan hər il Ermənistana 150 milyon dollar ödəyir. Laçın dəhlizi və Gorus-Qafan yolu razılaşmada yer almayıb.

Qəzetin yazdığına görə Ermənistan tərəfi danışıqların nəticəsindən çox məmnun qalıblar. İddia olunur ki, bu razılaşma üzərində iş hələ də aparılır və razılaşma gələn ilin yanvarında imzalanacaq.

Belə bir razılaşmanın əldə olunması Azərnaycanın maraqlarına nə qədər cavab verir və bu razılaşma əslində Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən imtina etmək və faktiki olaraq kapitulyasiya etməsi anlamına gəlmirmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Zəngəzur dəhlizinə görə Azərbaycanın Ermənistana 150 milyon dollar ödəməsi məsələsi heç ağlabatan deyil”.

Bu günə qədər həm sərhədlərin delimitasiyasında, həm Laçın kolidorunda, həm də Qarabağın dağlıq hissəsində erməni eksperimistlərini qoruyan rus sülhməramlılarına qarşı Azərbaycan hökümətinin prinspial davrandığına diqqət çəkən politoloq PİA.az-a açıqlamasında erməni nəşrinin bu xəbərinin doğru olacağına inanmadığı bildirib:

“Həmişə “Qraparak” nəşri şişirdilmiş, həqiqətə uyğun olmayan məlumatlar yayır. Düşünürəm ki, Zəngəzur dəhlizinə görə Azərbaycanın Ermənistana 150 milyon dollar ödəməsi məsələsi heç ağlabatan deyil. Çünki 150 milyon çox böyük məbləğdir. Həmçinin də Zəngəzur dəhlizindən Ermənistan da istifadə edəcək və bu ölkə blokadadan çıxacaq. Ermənistan qatarları da Azərbaycan ərazisindən Rusiyaya gedib gələcək. Ermənistana bundan əlavə də 150 milyon dolların ödənilməsi məntiqə sığmır. Buna görə də bu məbləğə Azərbaycanın razılıq verdiyini düşünmürəm.

Rusiya sülhməramlılarının Qarabağda qalmasının müddətsiz olması məsələsinə də inanmıram. Çünki Azərbaycan Rusiya sülhməramlılarının mandatı ilə bağlı hazırlanan sənədə hələ də qol çəkməyib. Əgər Rusiya sülhməramlılarını müddətsiz Qarabağda qalarlarsa, həmin ərazilərimizə nəzarət imkanını itirmiş olarıq. Bu nöqteyi-nəzərdən Azərbaycanın sülhməramlılarının müddətsiz Qarabağda qalacağına razılıq verməsinə inanmıram.

Qabil Hüseynli: “Azərbaycan Laçın, Qubadlı, Kəlbəcər istiqamətdə xəritəyə uyğun sərhədləri müəyən edib. Bu ərazilərdə demək olar ki, delimitasiya prosesinin başa çatmasına az qalıb”.

Sərhədlərin delimitasiya məsələsində isə müəyyən həll edilməmiş problemlər var. Xüsusilə Qazax rayonu ilə sərhəddə problemlər var. Azərbaycan Laçın, Qubadlı, Kəlbəcər istiqamətdə xəritəyə uyğun sərhədləri müəyən edib. Bu ərazilərdə demək olar ki, delimitasiya prosesinin başa çatmasına az qalıb. Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndi məsələsində isə hələ ki, Ermənistan Azərbaycanla razılığa gəlmək istəmir.

Bu günə qədər həm sərhədlərin delimitasiyasında, həm Laçın kolidorunda, həm də Qarabağın dağlıq hissəsində erməni eksperimistlərini qoruyan rus sülhməramlılarına qarşı Azərbaycan hökümətinin prinspial mövqe ortaya qoyub. Prezident İlham Əliyev də bu məsələlərdə sona qədər prinsipial mövqe nümayiş etdirib.

Bütün bunlara görə erməni nəşrinin bu xəbərinin doğru olacağına inanmıram. Üstəlik də qəzet qeyd edib ki, Ermənistan tərəfi yeni razılaşmadan çox məmnundur. Bu da onu göstərir ki, bu informasiya dezinformasiyadır. Buna görə də mən həmin məqaləyə inanmaq istəmirəm. Hesab edirəm ki, yayılan bu xəbər məntiqsiz dezinformasiyadır”.

Qeyd edək ki, iddia olunan razılaşma tam olaraq ermənilərin maraqlarına xidmət etsə də, Ermənistan müxalifəti bu sözdə razılaşmanı kəskin tənqid etməkdə və Paşinyanı xəyanətdə günahlandırmaqdadır.­ O zaman ortaya sual çıxır, müharibəni uduzan ermənilər daha nə istəyir? Rusiyanın əli ilə Azərbaycanın qələbəsini tamamilə silmək və axıdılan qanlara rəğmən yenə də Azərbaycan torpaqlarında at oynatmaqmı?..

Nərminə UMUDLUpia.az