İƏT nümayəndə heyəti Şuşada monitorinq aparır - Yenilənib

Azərbaycan Ombudsmanı İƏT Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə birgə Şuşa şəhərində mədəni tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqini aparır.

Bu barədə PİA.az-a Ombudsman Aparatından məlumat verilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə hazırda ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Şuşa şəhərinə yola düşüb.

Nümayəndə heyətinin faktaraşdırıcı missiyasının əsas məqsədi Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhərində sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqini aparmaqdır.

Azərbaycan mədəniyyətinin dahi simaları - Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, eyni zamanda Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edən nümayəndə heyətinin üzvləri Şuşa şəhərində monitorinq keçiriblər. Onlar Ermənistanın 30 ildən artıq Azərbaycana qarşı yürütdüyü təcavüzkarlıq, işğalçılıq və terrorçuluq siyasəti dövründə mədəni tarixi abidələrə qarşı törədilmiş vandalizm halları ilə bağlı yerində araşdırma aparıblar.

Daha sonra Ombudsman Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının Prezidenti Şərəf Malkoç mətbuata açıqlama veriblər.

Şuşa şəhərində həyata keçirilən monitorinq zamanı əldə edilən nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.

***

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərindədir.

PİA.az-ın xəbərinə görə, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.

Nümayəndə heyəti şəhərdə ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış mədəniyyət abidələrini, inzibati və yaşayış binalarını ziyarət edəcəklər.

***

Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya yola düşüb.

PİA.az-ın xəbərinə görə, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.

Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib. Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.

pia.az