Könül İsmayılova: “Ermənilər ərazilərimizi tərk etməyə məcbur olacaqlar”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

“Rusiya özünün qurduğu Ermənistanı özü də yox edəcək. Hazırki proseslər buna aparır. Əgər Ermənistan güclərin oyuncağı olmaqdansa, öz xalqının rifahını, iqdisadi mənafeyini əsas tutub Azərbaycanın şərtləri ilə razılaşacaqsa, xilas olmuş olacaq”.

Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

Partiya yetkilisi qeyd edib ki, əslində 10 noyabr Birgə Bəyannaməsi ilə Qarabağda müharibə sona çatıb. Ancaq görünən budur ki, Rusiya öhdəlikləri yerinə yetirməyərək situasiyanı gərginləşdirir:

“Rusiya tərəfin öz öhtəliklərini qulaqardına vurması istər-istəməz toqquşamlara səbəb ola bilər. Azərbaycan prezidentinin də çıxışlarından bir daha bəlli olur ki, 10 noyabr Birgə Bəyannaməsindən sonra bütün əməliyyatlar bitməli idi. Amma nə baş verir – Ermənistan silahlı qüvvələri tərəfindən baş verən atəşkəs pozuntuları, rus sülhməramlılarının himayəsində istədikləri vaxt sərhədi keçmək, azad edilmiş torpaqlarımızda sərbəst gəzmək. Onu da diqqətdən qaçırmaq olmaz ki, "sülhməramlı" komandirlər Azərbaycanla deyil, Ermənistanla daha sıx təmasdadılar. Bu da Rusiyanın Qarabağ məsələsində neytrallağını pozmasından xəbər verir”.

Bunu Azərbaycana təzyiq vasitəsi hesab edən xanım siyasətçinin fikrincə, prosesin gedişatı münaqişənin davam etdiyini göstərir və nəticə etibarı ilə Azərbaycanın hərərkətə keçməsini şərtləndirir. O, bunamisal olaraq Laçında Azərbaycan və Türkiyə ordularının birgə taktiki hərbi təlimlərini önə çəkdi:

“Əminliklə deyə bilərəm ki, Azərbaycan və Türkiyə qüvvələri Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa, Rusiya Türkiyənin qarşısından geri çəkilməli olacaq. Vəziyyətin mürəkkəbləşəcəyi gözlənilir. Hər halda, Rusiya və Ermənistan artıq dərk edir ki, sonuc olaraq Qarabağda qalan ermənilər bu əraziləri tərk etməyə məcbur olacaqlar”.

pia.az