Pəncşir vadisinin girişində döyüşlər: Əhməd Məsudun qüvvələri talibləri pusquya saldı

Əfqanıstanda əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğlu Əhməd Məsudun başçılıq etdiyi qüvvələr Pəncşir vadisinin yaxınlığında “Taliban” qüvvələrini darmadağın ediblər. Bu barədə Pəncşir müqavimət hərəkatının sözçüsü Fahimi Dəşti “Sputnik Tacikistan” agentliyinə bildirib.

Onun sözlərinə görə, tərəflər arasında toqqişma qonşu Baqlan vilayətinin Əndərab rayonunda baş verib. Fahimi Dəşti deyib ki, Tuqrəli Əndərabın komandanlıq etdiyi müqavimət qüvvələri Hovak-Pəncşir marşrutu üzrə Sarab dərəsinə taktiki geri çəkilmə manevri ediblər. Bununla da “Taliban” yaraqlılarını tələyə salıblar.

“Taliban” yaraqlıları “geri çəkilənləri” təqib edib və Pəncşir vadisinin müdafiə xəttinə çıxmağa çalışıb. Lakin pusquya düşüblər və azı 10 döyüşçü itirərək geri çəkiliblər. 50-dən çox talibin yaralandığı bildirilir.

Əndərab Pəncşir vadisinə aparan ən asan və açıq yollardan birinin keçdiyi rayondur. Hazırda bu rayona “Taliban” nəzarət edir.

***

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı taliblərə tabe olmayan yeganə vilayətin-Pəncşir vadisinin internet, mobil rabitə əlaqəsini kəsib, elektrik təchizatını dayandırıb.

virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, “Taliban” bu yolla vilayətdə humanitar vəziyyətin ağırlaşmasına səbəb olmaq və Əhməd şah Məsudun oğlunu təslim olmağa məcbur etmək istəyir.

“Pəncşirdə humanitar situasiya hələlik stabildir, amma taliblər vəziyyəti kəskin pisləşdirməyə çalışırlar. Onlar elektrik xətlərini kəsiblər, amma burada yerli çaylar sayəsində hasil edilən elektrik hələlik bəs edir”,-mənbələr bildirir.

Məlumata görə, “Taliban” habelə regionu ölkənin telekommunikasiya sistemindən ayırıb və mobil interneti də qismən bloklayıb. Taliblər vaxtaşırı olaraq vilayətə aparan yolları da bağlayırlar. Narahatçılıq var ki, onlar qonşu Baqlan vilayətində olduğu kimi Pəncşirdə də ərzaq və yanacaq təchizatını dayandıracaqlar.

Digər xəbərə görə “Taliban” yaraqlıları qonşu Baqlan vilayətində yerli folklor müğənnisi Favad Əndarabini qətlə yetiriblər. Taliblər onu Əndərab rayonunda yaşadığı evdən zorla çıxarıblar və küçənin ortasında öldürüblər. Müğənninin öldürüldüyünü Əfqanıstanın keçmiş daxili işlər naziri Məsud Əndarabi də təsdiqləyib.

Xatırladaq ki, “Taliban” Əfqanıstanda musiqini qadağan edib və qadınlara hələlik evlərindən çölə çıxmaq qadağası qoyub. Hərçənd taliblər qadınların təhsil almasına və işləməsinə imkan yaradacaqlarını deyirlər...

pia.az