“6-8 milyon azərbaycanlı koronavirusa qarşı immunitet qazanmalıdır...”

Azərbaycanı növbəti koronavirus dalğası bürüdüyü artıq aşkardır. Haqqin.az-ın kovid mövzusunda dərc etdiyi bir çox materialda sərt qanunauyğunluq önə çıxıb: karantin məhdudiyyətləri, maska rejimi, sosial məsafə və digər ölçü tədbirləri azaldıqca yoluxma sayı və nəticə etibarı ilə stasionarların yüklənməsi çoxalır. Və əksinə, məhdudiyyət və karantin artdıqca kovid azalır.     

Lakin pandemiyanın yeni dalğasında öncəkilərdən fərqli olan mühüm özəllik var – peyvənd əleyhinə olanların çığır-bağırına rəğmən, kütləvi vaksinasiya prosesi irəliləyir. Hazırda immunizasiya artıq 530 gündür ki, davam edən kovid hücumunun qarşısını ala biləcək yeganə vasitədir.

Haqqın.az bioinformatika və molekulyar biologiya sahəsi üzrə tanınmış amerikalı alim, dünyanın aparıcı elmi dərgilərindən olan “Elsvier”-də peşəkar xidmətlər şöbəsinin direktoru vəzifəsində çalışan Anton Yuryevlə dünyada koronavirusun necə və nə vaxt yeniləcəyi barədə söhbət edib.  

- Rəsmi məlumatlara görə, avqustun 23-dək Azərbaycanda 10 milyon əhalinin artıq 2 milyon 457 mini iki doza vaksina qəbul edib. Alimlərin bununla bağlı son qiymətləndirmələri necədir – kollektiv immunitetin astanasına çatmaq üçün nə qədər insan peyvənd vurdurmalıdır?

- Görünən odur ki, pandemiya enişə gedib və “delta”-ştamma dalğası yəqin ki sonuncu olacaq. Ancaq o da əvvəlki dalğalar kimi sağlamlığı əsaslı korlayacaq və kimlərinsə həyatının aparacaq. “Delta” ştammı öncəki “alfa” ştammından dörd dəfə az ölümcüldür. Anca”delta” asan yayılır. Bu o deməkdir ki, hələ xəstələnməyən və peyvənd olunmayan şəxslərin əksəriyyəti ehtimal ki asan xəstələnəcək və immunitet əldə edəcək. Hərçənd hamıya canlı virusla yoluxmaqla deyil, yenə də peyvənd vasitəsi ilə T-hüceyrə immuniteti formalaşdırmağı tövsiyə edirəm.  

İndi də konkret sualla bağlı. Müxtəlif modellərə görə, kollektiv immunitet əhalinin 60-80%-i onu əldə etdikdə formalaşır. Yəni cəmiyyətin özünü təhlükəsiz hiss etməsi üçün azərbaycanlıların 6-8 milyonu immunitet əldə etməlidir. Ancaq bu rəqəmə modelləşdirilməsi çətin olan iki amil təsir edir. Əvvəla, virus mutasiyaya uğrayır (yeni ştammlar yaranır), ona görə də peyvəndin effektivliyi düşür. Əgər “alfa” üçün “Pfizer”in effektivliyi 80 faizdirsə, “delta”ya qarşı cəmi 60 faizdir. İkincisi, ehtimal ki, əksər azərbaycanlılar özləri də bilmədən artıq koronavirusla xəstələniblər. Axı pandemiya iki ildir davam edir, əvvəldən bəlli idi ki, insanların 10-20 faizində xəstəlik simptomsuz gedir. Fikrimcə, əhalinin 60-70 faizinin peyvənd olunması təhlükəsizliyi təmin edəcək. O davam etdikcə kimlərsə canlı virusla yoluxmaqla immunitet qazanacaq.  

- Peyvəndin “delta” ştammına qarşı daha effektli olmasına dair səhih tədqiqatlar varmı?  

- Ən effektli peyvənd “Pfizer” şirkətininkidir, çünki ilkin olaraq məhz xərçəng hüceyrələrinə qarşı T-hüceyrə immunitetinin formalaşmasına yönəlib. Məhz T-hüceyrə immuniteti orqanizmi uzunmüddətli və ağır koviddən də qoruyur. “Moderna” şirkətinin peyvəndi də buna bənzərdir və ona görə də güclü T-hüceyrə immuniteti yaradır. Digər peyvəndlər də onu inkişaf etdirir, ancaq daha az effektli, çünki humoral anticism immunitetinin yaranması üçün optimallaşdırılıb.   

- Koronavirus mutasiyalarının yaranması ilə bəzi alimlər hesab edir ki, pandemiyaya peyvəndlə qalib gəlmək olmayacaq və dünyanın bütün əhalisi bu xəstəliklə fərqli ağırlıqda xəstələnməli olacaq. Və o zaman hibrid immunitet formalaşacaq...   

- Hibrid immunitet məhz peyvənd kampaniyası nəticəsində yaranır. Immunitetin yaranma prosesi stoxastikdir, yəni təsadüfidir. Vaksinasiyadan və ya canlı virusla yoluxmadan sonra immunitetin yaranma ehtimalı çox yüksəkdir, ancaq 100 faiz deyil. Bundan başqa virus mutasiya edir. İmmunitet bir ştammdan yaxşı qoruya bilər, ancaq başqa ştamma qarşı az effektli olar. Ona görə də peyvənd alanların bir hissəsi yenidən xəstələnməlidir, bəziləri hətta ikinci dəfə – etibarlı, uzunmüddətli T-hüceyrə immuniteti yaranana qədər.   

- Bu ilin yazında İsrailin Səhiyyə Nazirliyi bu ölkədə kollektiv immunitetin formalaşdığını bəyan etdi. Ancaq cəmi bir-iki ay sonra “pandemiyaya qalib gəlmiş” ölkədə kovidin dördüncü dalğası başladı. Yoluxma sayı sıfırdan indiki gündəlik 600 ağır xəstəyə qədər yüksəldi. Deyilənə görə, hamısının səbəbi uşaqların peyvənd olunmamasıdır, yəni virus peyvənd almış yaşlı adamlardan müdafiəsiz gəncliyə doğru qaçdı, orada mutasiyaya uğradı və dəyişilmiş halda yenidən yaşlı populyasiyaya qayıtdı. Əgər uşaqlar peyvənd olunmazsa, digər ölkələrdə də bu perspektiv gözlənilirmi?  

- İsraildə “delta” ştammının dalğasıdır, ondan peyvənd cəmi 60 faiz qoruyur. Yeri gəlmişkən, Amerikada da yeni dalğa başlayır və payızda mövsümi amillərə görə güclənəcək. “Delta” ona qarşı peyvəndin az effektli olmasından əlavə, uşaqlar arasında “alfa”ya nisbətən daha rahat yayılır. İsraildə məhz uşaqlar peyvənd olunmamışdılar, çünki bütün diqqətlər “alfa”nın 25 faiz ölüm törətdiyi yaşlı adamlara yönəlmişdi. Fikrimcə, heç bir ölkə “delta” ştammının dalğasından qaça bilməyəcək, ancaq o sonuncu olacaq. Bundan sonra da kovid adamların arasında qalacaq, ancaq ölənlər və ağır xəstələnənlərin sayı azalacaq. Deməli, xəstəxanalar da dolu olmayacaq və həyat pandemiyadan əvvəlki axarına qayıdacaq.  

pia.az