"100 min dolları öz maşınında şəxsən Rafael Cəbrayılova verdim" - Zərərçəkmiş

Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkmiş qismində çıxış edənlər ifadələrində Rafael Cəbrayılova müxtəlif vaxtlarda pul verdiklərini, lakin sabiq deputatın pulu qaytarmadığını bildiriblər.

Zərərçəkmiş Yusif Orucov sabiq deputatla 2015-ci ildə onun avtomobilində görüşdüyünü və ona şəxsən  100 min dollar verdiyini deyib. Digər zərərçəkmiş Şəfanə Məmmədova isə ifadəsində R.Cəbrayılova 50 min dollar verdiyini deyib. Zərərçəkmiş Sənan Ağamirov isə bildirib ki, o, sabiq deputata ümumilikdə 45 min dollar verib və həmin pulun 12 min dollarını geri ala bilməyib.

Digər zərərçəkmiş Məlahət Qurbanova çıxışında sabiq deputata 561 min manat verdiyini və bu məbləğin 169 min manatını geri aldığını deyib. Daha sonra R.Cəbrayılov zərərçəkmişlərin ifadələrinin düzgün olmadığını deyərək bildirib ki, onlardan pulları 2,5 faizlə borc kimi alıb və əksəriyyətini də geri qaytarıb.

Növbəti proses sentyabrın 2-nə təyin olunub.

pia.az