Əfqanıstanda heç də hər şey sadə deyil

Taliblərin şimaldakı Baqlan əyalətinin inzibati mərkəzi olan Puli-Xumri şəhərini ələ keçirdikləri bildirilir. Bu, artıq Əfqanıstanın “Taliban”ın hücumuna məruz qalan yeddinci iri şəhəridir. Bəs onlar əslində hansı uğurlara nail olublar?

Beynəlxalq kütləvi mətbuat üçün hər şey təsirli və qabaqcadan müəyyən olunmuş kimi görünür: taliblər Puli-Xumrini ələ keçirib, növbədə müqəddəs Mavi məscidin yerləşdiyi Məzari-Şərifdir. Bir sözlə, Kabilin çökməsinə sayılı həftələr qalıb, “Taliban”ın blitskriqi müvəffəqiyyətlə bitəcək.

Ancaq bu apokaliptik mənzərə yalnız əcnəbi KİV-in məlumatlarına qeyd-şərtsiz inam hesabına formalaşır. Reallıqda hər şey daha mürəkkəbdir. Taliblərin qeyd-şərtsiz qələbələrindən söhbət belə getmir. Üstəlik, Əfqanıstanda onlara qarşı müqavimət artır, taliblərin hücum şiddəti isə tükənir.

Taliblər əslində şəhərlərdən heç birini tam nəzarətə götürə bilməyiblər...

Bu, tərəflərdən hansısa birinin qeyd-şərtsiz qələbəsinin qabaqcadan müəyyənləşmədiyi vətəndaş müharibəsinin növbəti dalğasıdır. Əks halda “Taliban” avqustun 10-da Qətərin paytaxtında başlayan və ABŞ, Çin, Pakistanın, ən əsası isə rəsmi Kabilin iştirak etdiyi üçgünlük danışıqların növbəti raunduna qatılmazdı.

Taliblərin kənd ərazilərini asanlıqla ələ keçirməkləri onlarla “müvəffəqiyyətdən başgillənmə” adlı pis zarafat oynadı. Onlar ciddiyyətlə inandılar ki, rəqiblərin müqavimət potensialı tamamilə tükənib, bütün Əfqanıstan yetişmiş alma kimi onların ovuclarına düşməyi arzulayır. İri inzibati mərkəzlərin belə bir vaxtda çöküşü isə yalnız bir qədər vaxt və əlavə səylər tələb edir.

Hücum etdikləri iri şəhərlərdən heç birini hələ də tam nəzarətə götürə bilməmələri taliblər üçün soyuq duş oldu. Mərkəzə çatmaq, bəzi məhəllələri tutmaq və oralardan öz bayraqlarını asmaq, bütün bunları kameraya köçürmək, hətta Məzari-Şərif həndəvərində general Dustumun evini ələ keçirmək - bəli, bunlar baş verir. Ancaq tam nəzarət alınmır. Taliblər böyük şəhərlərdən heç birinə tam nəzarət etmir. Və bu heç gözlənilmir də.

Partizan müharibəsi başqadır, açıq döyüşə girmək başqa...

İlk növbədə ona görə ki, könüllülərin ciddi müqavimət artır. Onlar boğulanların xilası elə boğulanların özlərinin işidir prinsipini seçərək şəhərlərin müdafiəsini üzərlərinə götürürlər. Onlar yerli hərbi hissələri və polisi özlərinə tabe edir, silah anbarlarını nəzarətə götürür və müdafiə səddi qururlar. Bəlxdə tacik diasporunun lideri, böyük iş adamı, hələ SSRİ-yə qarşı vuruşmuş səhra komandiri Atto Məhəmməd Nur haqqin.az-a könüllülərin “şəhəri sonuncu talibin son damla qanına qədər qoruyacaqlarını” bəyan edir.

Çox yaxşı taktik olan taliblər də bir sıra strateji xətalara yol verib. Amerikanların ölkəni tərk etməsi “Taliban”ı xoşagəlməz faktla üz-üzə qoyub - onlar birbaşa döyüşə girməlidirlər. Bu isə istənilən partizan hərəkatı üçün böyük problemdir: bir var pusqudan vurasan, bir də var asıq döyüş meydanına girəsən.

Bu, həm də rəqibə onları havadan vurmaq imkanı verir, çünki hərbi əməliyyatların hazırkı xarakteri “Taliban”dan şəxsi heyətin böyük kütləsinin və texnikanın açıq ərazilərlə yerdəyişməsini tələb edir. Taliblərin hava hücumundan qorunma sistemləri isə yoxdur. Bu günlərdə amerikan və əfqan HHQ-i Cauzcan əyalətində taliblərin dəstələrinə zərbələr endirərək onların 200-dən çox döyüşçüsünü, 100-ə yaxın nəqliyyat vasitəsini, həmçinin xeyli sayda silah və sursatını məhv etdi. Hərəkat çoxdandır birdəfəyə bu qədər böyük itki vermirdi.

Bundan əlavə, rus təbliğatçılarının təkrarlanan “Qərbin hərbi hazırlıq metodlarının şərq ölkələrində effektsizliyi” haqda iddialarına baxmayaraq, əfqanların kommandos korpusu, polisi və yerli HHQ-nin təyyarəçiləri “Taliban”la mübarizədə yüksək nəticələr göstərirlər. Kommandolar nadir halda əsir düşür, şəhər döyüşü taktikasını əla bilir, mobil qrupların tərkibində yüngül zirehli texnikadan bacarıqla yararlanır və öndə hava tuşlayıcısı rolunu oynayırlar.

Nəticədə taliblər əhəmiyyətli şəhərə hücumlarda böyük itkilər verirlər. Həm sıravi şəxsi heyətdə, həm də təcrübəli döyüş komandirləri arasında itkilər böyükdür. Nəticədə qruplaşmaya iri yaşayış məntəqələrini ildırımsürətli əməliyyatla ələ keçirmək və nəzarətdə saxlamaq üçün kadr ehtiyatları bəs etmir. Və onlar könüllülərlə hökumət qüvvələrinin havadan dəstək alan güclü müqaviməti ilə rastlaşaraq itkilər verir və geri çəkilirlər.

Şəhərlər təslim olmur

Vəziyyəti dəyişmək məqsədilə taliblərə bağlı informasiya resursları qrupun mərhum lideri Molla Ömərin oğlu Məhəmməd Yaqubun audioyazısını yayırlar. O, 5 dəqiqəlik nitqində taliblərdən hücum əməliyyatları zamanı repressiyaları məhdudlaşdırmağı rica edir.

O cümlədən, Yaqub ələ keçirilən ərazilərdə əsir götürülən hərbçilərə və hökumət məmurlarına ziyan vurmamağa çağırır. O, döyüşçülərdən boş qalmış evlərdə, bazarlarda, müəssisələrdə soyğunçuluqla məşğul olmamalarını xahiş edir. Ancaq itkilərdən qəddarlaşmış və “müvəffəqiyyətdən başgicəllənməni” aradan qaldıra bilməyən dəstələr onu dinləyəcəkmi - bu, böyük sualdır…

Bir sözlə, nə blitskriq, nə apokalipsis. Əfqanıstandakı vətəndaş müharibəsi özünün elə bir nöqtəsinə çatıb ki, əks tərəflər üçün yalnız bir çıxış yolu var - danışıq masasına əyləşmək. Dohadan yeniliklər gözləyək. (Virualaz,Müəllif: İkram Nur)

pia.az