Tokio Olimpiadası: Azərbaycan yeganə qızıl medalı qazana bilər - Yenilənib

İrina Zaretskaya Tokio Olimpiadasında finala çıxıb.

Oxu.Az xəbər verir ki, o, yarımfinalda Qonq Liyə (Çin) 7:2 hesabı ilə qalib gələrək finala çıxıb.

İdmançımızın rəqibi Feryal Abdelaziz (Misir) – Sofya Berultseva (Qazaxıstan) cütünün qalibi olacaq.

***

İrina Zaretskaya qrupda sonuncu görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, o, türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

İrina altı xalla qrup lideri olub. O, yarımfinala çıxmaqla ən azı bürünc medalı özünə təmin edib.

***

Azərbaycan milli komandasının Tokio-2020 Yay Olimpiya Oyunlarında daha bir medal qazanacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bu mükafatı yarımfinala vəsiqə qazanan qadın karateçimiz İrina Zaretska təmin edib.

+61 kq çəki dərəcəsində yer alan dünya və Avropa çempionumuz B qrupunda keçirdiyi 4 döyüşün 3-də qalib gəlib, 1-də məğlub olub. 6 xal toplayan 25 yaşlı karateçi qrup birincisi kimi yarımfinala yüksəlib. Bu isə o deməkdir ki, Zaretskla Olimpiadada minimum bürünc medal qazanacaq.

Bununla Azərbaycanın Olimpiadadakı medal sayının ən azı 6-ya yüksələcəyi dəqiqləşib.

Qeyd edək ki, bunadək karateçi Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb. Sərbəst güləşçi Hacı Əliyev (65 kq) isə finala yüksəlməklə özü üçün ən azı gümüş mükafatı təmin edib.

***

İrina Zaretskaya qrupda üçüncü görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, o, Sofya Berultsovaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzub.

İdmançımızın yarımfinala çıxması üçün Məltəm Hocaoğlunu (Türkiyə) məğlub etməsi lazımdır. Hazırda İrina dörd xalla qrupda ikinci yerdədir.

***

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ikinci döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib.

Zaretska rəqibini 3:2 hesabı ilə üstələyib. O, növbəti qarşılaşmasını Sofya Berultsevaya (Qazaxıstan) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

***

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

PİA.az-ın məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə üz-üzə gəlib.

Zaretska rəqibinə 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək. (Report)

pia.az