Sabiq nazir ölkə iqtisadiyyatında inqilabi dəyişikliklərin anonsunu verdi

“Bu boyda ölkədə bir nəfər də olsun maliyyə mühəndisi yoxdur…”

Mərkəzi Bankın sədri Elman Rüstəmovun Azərbaycanda rəqəmsal valyutanın inkişaf perspektivləri ilə bağlı müsbət fikirlər səsləndirməsi elektron pulların tətbiqi məsələsini yenidən gündəmə gətirib.

Mərkəzi Bankın sədri açıqlamasında bildirib ki, sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır.

Sitat: “Hesab edirəm ki, biz bu qatara oturanlardan olacağıq. Amma rəqəmsal valyuta ilə bağlı suallar çoxdur. Məsələn, bu növ valyuta maliyyə sabitliyinə necə təsir edəcək? Həmçinin çirkli pulların yuyulması ilə bağlı vəziyyətin də necə olacağı sual doğurur. Amma dünyada ciddi müzakirələr və eksperimentlər aparılır”, - sitatın sonu.

Kriptovalyuta üzrə ekspert, Beynəlxalq Bankın Gəncə Filialının sabiq müdiri Sabit Fətizadənin rəhbərliyi ilə 2017-ci ilin sonlarında dünyada ilk milli elektron pul layihəsinin - “Azkoin”in icrasına başlanılmışdı. Lakin təəssüf ki, həmin dövrdə Mərkəzi Bank və digər əlaqədar qurumlar rəqəmsal valyutaya keçid prosesinin sürətlənməsinə maraq göstərmədiklərindən “Azkoin” layihəsi də gözləmə fazasına keçid almışdı.

Mərkəzi Bank sədrinin açıqlamasından sonra məsələnin yenidən gündəmə gəldiyini nəzərə alaraq Azərbaycanda kriptovalyutaların inkişafı və iqtisadiyyatımıza verəcəyi faydalarla bağlı ekspert rəyi öyrənmişik.

Sabiq maliyyə naziri, Rəqəmsal keçid Elm-Tədqiqat İnstitutunun təsisçisi, rəqəmsal valyuta üzrə ekspert, BMU-nun professoru Saleh Məmmədov Missiya.Az-a açıqlamasında bildirib ki, rəqəmsallaşma sürətli iqtisadi inkişaf üçün olduqca faydalıdır.

Sitat: “Rəqəmsallaşma düzgün qurulduğu halda iqtisadi artıma çox ciddi təsir göstərə bilər: hətta neft faktorundan qat-qat çox. Bank aktivlərinin dəfələrlə artırılması, kredit faizlərinin aşağı salınması, investisiyaya yönəldilən vəsaitlərin, kreditlərin həcminin artırılması rəqəmsallaşmadan asılıdır. Həmçinin rəqəmsallaşma, elektoron pullardan istifadə korrupsiya və rüşvətxorluğa ağır zərbədir. Bundan başqa, kriptovalyutalarla ödənişlər edilən zaman vegidən yayınma hallarının olması mümkün deyil. Bir manat belə ictimai dövriyyədən kənarda qala bilməz. Kredit resursları pul vəsaitlərindən formalaşır, əgər bu pullar sandıqlarda və ya ciblərdə saxlanılırsa, kredit mənbəyi ola bilməz. Amma banka daxil olursa, avtomatik bank aktivlərini artırır. Bank aktivləri isə birbaşa investisiya mənbəyidir. Hazırda böyük dövlətlər rəqəmsal valyutaların məişətdə rahat istifadə edilməsinin yolları ətrafında geniş araşdırmalar və müzakirələr həyata keçirirlər. Məsələn, adətlərimizdən biri toya pul yazdırmaqdır. Kriptovalyutaya keçid etdikdən sonra toylara pul hansı formada yazdırılacaq? Digər gündəlik ödənişlər necə həyata keçirləcək? Bütün bunlar və digər bu kimi rəqəmsal valyutaya keçid barədə problemlər, rəqəmsal valyutanın məişətdə istifadəsi ilə bağlı geniş tədqiqatlar aparılır. Təbii ki, biz də bu müzakirələrdən kənarda qalmamalıyıq. Biz pulu cibimizdən xərcləməyə öyrəşmişik. Rəqəmsal proseslər, kriptovalyuta ilə ödənişlərə keçid bizim nağd pul istifadəmizi məhdudlaşdıracaq”, - sitatın sonu. Saleh Məmmədov bildirib ki, “Azkoin” özəl kriptovalyuta olduğuna görə Mərkəzi Bankın heç bir müsbət və ya mənfi reaksiyasına ehtiyac yoxdur.

Sitat: “Özəl kriptovalyutaların emissiyasına və tənzimlənməsinə dünyada heç kim müdaxilə edə bilmir. Bitkoinin sahibi, proqramın yaradıcıları, emissiyanın tənzimlənməsi hələ heç kimə məlum deyil. Hətta blokçeyn proqramının müxtəlif müəllifləri biri digərini tanımır. Əgər kimsə buna müdaxilə edə bilsəydi, dərhal emissiya təklifini artırıb kursu düşürərdilər. Bu yeni maliyyə mühəndisliyi elminin nəhəng kəşfidir. 2010-cu ildə Bitkoinə 1000 dollar qoyan adam isə 65 milyard dolların sahibi ola bilərdi. Bu valyutanın əsasında heç bir qızıl, gümüş, neft qaz rezervi dayanmır. Kriptovalyutanın əsasında maliyyə mühəndisliyi elminin yeni kəşfi durur. Maliyyə mühəndisliyi elmi özü nisbətən yeni elmdir, təəssüflər olsun ki, xalqlara trilyonlar qazandıra biləcək bu elm ilə Azərbaycanda ümumiyyətlə, maraqlanan yoxdur. Maliyyə mühəndisliyi üzrə ilk kadr hazırlığı 1998-ci ildə Kolumbiya universitetində başlamışdı, indi artıq Azərbaycan universitetlərindən başqa, əksəriyyət dünya universitetləri bu elm üzrə mütəxəssis hazırlayır. Azərbaycanda isə bir kurs işi belə yazılmayıb. Amma bu elmin əsasını qoyan alimlərdən biri İraq azərbaycanlısıdır – mərhum Saleh Neftçi, ruhu şad olsun. Ölkədə bütün kriptovalyuta müzakirələrində bu çatışmazlıq birbaşa hiss olunur”, - sitatın sonu.

Saleh Məmmədov rəqəmsallaşmada, elektoron pullardan istifadədə xarici təcrübəyə müraciət edərək, sürətli rəqəmsallaşma həyata keçirən və bunun nəticəsində böyük iqtisadi gəlirlər əldə edən Sinqapuru Azərbaycanla müqayisə edib.

Sitat: “Sinqapurun heç bir təbii sərvəti yoxdur. Kənd təsərrüfatı inkişaf etməyib. Suyu belə xaricdən alırlar. Amma ölkə rəqəmsallaşma nəticəsində dünyanın maliyyə mərkəzinə çevrilib. Sinqapur Azərbaycanın Qarabağ rayonu boydadır. Məsələn, Azərbaycanın bank aktivlərinin həcmi 19 milyard dollar olduğu halda, Sinqapurun bank aktivləri 1 trilion dollardan çoxdur. Həmçinin Azərbaycanın maliyyə rezervi 50 milyard dollar, Sinqapurun isə 386 milyard dollardır. Azərbaycan bu kapitalı neft və qeyri-neft sektorundan əldə etdiyi halda, Sinqapurun sürətli inkişafının əsasında dayanıqlı maliyyə sisteminin qurulması və elmi-texnoloji inkişaf dayanır”, - sitatın sonu.

Ekspert rəqəmsal manatın Azərbaycanda inkişaf etdirilməsinin yolları barədə də danışıb.

Sitat: “Rəqəmsal manatın buraxılmasına sadəcə pul dövriyyəsinin rəqəmsallaşması kimi baxmaq yanlış olardı. Bu, Azərbaycan iqtisadiyyatında böyük inqilab yaradacaq. Rəqəmsal manat nağd dövriyyənin tamamilə aradan qaldırılması, bütün ehtiyyatların ictimai dövriyyəyə cəlb olunması, uyğun olaraq kreditləşmə və investisiyanın bir neçə dəfə artırılması, iqtisadi artımın ilk dövrlərdə ən azı 15-20 %-ə qaldırılması, korrupsiya və rüşvətin ən azı 90% aradan qaldırılması, şəffaflığın təmin olunması, cəmiyyətin İQ əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsi deməkdir. Buna görə təcili tədbirlər görülməlidir. Hər keçən gün ölkənin zərərinədir. Mərkəzi Bankın Rəqəmsal valyutasının (CBDC) yaradılması istiqamətində soft proqram və maliyyə texnologiyası işləmək üçün Mərkəz Bankın nəzdində bir institutun qurulması və rəqəmsal manatın proqram təminatının işlənməsinə başlanılması çox vacibdir. Bu prosesə öz bacarıqları hesabına kriptovalyutalar üzrə biliklər əldə etmiş, dünya ölkələrindəki vəziyyəti bilən, hadisələrin gedişatını düzgün qiymətləndirməyi bacaran gənclər də cəlb olunmalıdır. Ölkələr 5-6 ildir ki, bu sahədə araşdırmalar aparır, hazırlıq görürlər. Azərbaycanda hər şey sıfırdan başlayır. Nağd pulların aradan qaldırılması, bunun mərhələli icrası proqramının, nağdısız hesablaşmaların sistem və proqram təminatının yaradılması, milli maliyyə texnologiyaları istehsalatının qurulması, Ofşor zonaların yaradılması və uyğun olaraq ofşor bank sisteminin qurulması, rəqəmsal bank və pul dövriyyəsi üzrə ölkə üzrə genişmiqyaslı təlimlərin başlanması Azərbaycanda kriptovalyutanın inkişaf etdirilməsinə böyük töhfə verə bilər. Bununla bərabər maliyyə mühəndisliyi və maliyyə texnologiyaları üzrə kadr hazırlığına başlamaq lazımdır. Hər şeyi kadrlar həll edir. Bu boyda ölkədə bir nəfər də olsun maliyyə mühəndisi yoxdu və heç bir elmi tədqiqat işi aparılmır. Heç olmasa indi doktorantura və maqistratura səviyyəsində xarici universitetlərə tələbə göndərmək, xaricdən mütəxəssislər dəvət etmək lazımdır”, – sitatın sonu.

Sabiq nazirin sözlərinə görə, Rəqəmsal manat (CBDC) dövriyyəyə buraxılandan və nağd pullar dövriyyədən çıxarılandan sonra ölkənin iqtisadiyyatında inqilabi dəyişiliklər baş verəcək.

Sitat: “Məsələn, Azərbaycanın hazırda kredit təklifi: 14,5 milyard manat – tələb 50 milyard manat - kredit faiz

20% -potensial resurs - 150 milyard manat (bu resursu, ehtiyyatları prezident yaradıb, formalaşdırıb verib bankların sərəncamına, banklar isə təəsüf ki, yalnız onun 10%-dən istifadə edir). Rəqəmsallaşma isə kredit resurslarının 5-6 dəfə artırılması və faizlərin 20%-dən 1-2 faizə endirilməsi, iqtisadi artımın minimum 15-20%-ə qalxmasına səbəb olacaqdır”, - sitatın sonu.(Missiya.Az)

pia.az