ABŞ Ədliyyə Nazirliyi: Ruslar federal prokurorluqlara haker hücumu edib

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, nəhəng SolarWinds kibercasusluq kampaniyasını həyata keçirən rusiyalı hakerlər ötən il ölkə boyu ən tanınmış federal prokurorluqların email hesablarına daxil olublar.

Nazirlik bildirib ki, Nyu Yorkda dörd prokurorluğun işçilərinin istifadə etdiyi Microsoft e-mail hesablarının 80 faizinə müdaxilə olub. Nazirliyin məlumatına görə, ümumilikdə 27 prokurorluğun hər birində azı bir işçinin e-mail adresi haker kampaniyası zamanı hücuma məruz qalıb.

Ədliyyə Nazirliyinin bəyanatına əsasən onlar hesablara 2020-ci ilin mayın 7-dən dekabrın 27-dək müdaxilə olunduğuna inanırlar. Bu müddət diqqətə layiqdir, çünki onlarla özəl şirkət, düşüncə mərkəzləri və azı doqquz ABŞ dövlət idarəsinə hücumun baş verdiyi SolarWinds kampaniyasının üstü dekabrın ortalarında açılıb.

Bayden administrasiyası isə Rusiyaya qarşı aprel ayında sanksiyalar tətbiq edib. bu sanksiyalar SolarWinds hücumuna və Rusiyanın 2020-ci il ABŞ prezident seçkisinə müdaxiləsinə cavab idi.

Kolumbiya Universitetini Hüquq Məktəbinin müəllimi Cennifer Rodcers deyib ki, o, Nyu Yorkda federal prokuror vəzifəsində çalışdığı zaman prokurorluğun e-mail ünvanlarında hər cür məxfi məlumatlar, o cümlədən məhkəmə işlərinin strategiyaları ilə bağlı müzakirələr və gizli informatorların adları var idi. 

pia.az