Şəmkirdəki qətllə bağlı cinayət işi açılıb - Yenilənib

İyulun 26-sı saat 18 radələrində Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin bacısı oğlu, 1989-cu il təvəllüdlü Tural Əzizovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nizami Böyükkişiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tural Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

***

Şəmkir rayonunda qətl törədilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyev mübahisə zəminində bacısı oğlu, 1989-cu il təvəllüdlü Turan Əzizov tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarətləri alan N.Böyükkişiyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

pia.az