Arzumanyan gedir, bəs onun “ordusu”?

Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyində ötən həftə kütləvi kadr dəyişiklikləri baş verib. Xəbər verildiyi kimi, Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətinin ardınca lovğa və yekəxana, hərb işindən anlayışı olmayan müdafiə naziri David Tonoyan istefa verib səhnədən “yoxa çıxdı”. Onun yerinə bir vaxtlar müdafiə naziri vəzifəsini tutmuş general Vaqarşak Arutyunyan təyin edildi. Arutyunyanın qarşısına müharibədə darmadağın edilmiş ordunun bərpası vəzifəsi qoyulmuşdu, amma ötən 8-9 ay ərzində Ermənistanda ordu adlana biləcək strukturu görən olmadı. Arutyunyan isə zəif və iradəsiz biri kimi yadda qaldı. Nəhayət o istefa verdi və Paşinyan Baş qərargah rəisinin birinci müavini, general Arşak Karapetyanı müdafiə nazirinin birinci müavini, eyni zamanda nazirin səlahiyyətlərinin icraçısı təyin etdi.

Arşak Karapetyan özü də yüksək peşəkar qabiliyyəti ilə fərqlənən biri deyil. 2016-cı ilin aprel döyüşləri zamanı o, Baş qərargahın kəşfiyyat idarəsinin rəisi idi və Ermənistan ordusunun aldığı qəfil zərbələrdən sonra Serj Sərkisyan (o vaxtkı prezident) Karapetyanı vəzifəsindən uzaqlaşdırmışdı. Hərçənd indi Karapetyan vəd edir ki, orduda islahatlar “sürətlə və ləngimədən” aparılacaq. Yəni o, darmadağın edilmiş ordunun qalıqlarından tezliklə yeni ordu qurmağı vəd edir, hərçənd Ermənistanda bunun üçün resurslar yoxdur və deməli Karapetyanın vədləri də real deyil.

Ermənistanda nəşr edilən “Past” qəzeti isə yazır ki, dəyişikliklər yaxın vaxtlarda qondarma “dqr müdafiə nazirliyini” də əhatə edəcək. Məsələ belədir ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə qanunsuz separatçı rejimin elementləri, o cümlədən “müdafiə nazirliyi” hələ də öz mövcudluğunu (formal şəkildə olsa da) saxlamaqdadır. Həmin “nazirliyə” müharibənin sonlarına doğru “nazir” vəzifəsinə təyin edilmiş general Mikael Arzumanyan rəhbərlik edir. Onun nəzarətində təxminən 18 minlik qanunsuz silahlı birləşmənin qaldığı məlumdur.

Nəşrin yazdığına görə, Arzumanyan da istefa vermək istəyir və daha Paşinyanla, onun Xankəndindəki adamı Araik Arutyunyanla işləmək niyyətində deyil. Paşinyan və onun komandası isə Arzumanyanı dilə tutub onun Ermənistanda hansısa vəzifə tutması üçün yola gətirməyə çalışır. Amma Arzumanyan qətiyyən bu təkliflərlə razı deyil. Üstəlik bildirilir ki, Arzumanyan getsə onun yerinə təyin etməyə adam da praktiki olaraq qalmayıb.

Bir vaxtlar Azərbaycan ərazilərinin işğalında iştirak etmiş və düşmənin Kəlbəcər polkunun komandiri olmuş Arzumanyan ola bilsin ki, daha həmin qondarma vəzifədə işləmək istəmir. Çünki başa düşür ki, artıq Qarabağda nə statusdan, nə “dqr ordusundan” danışmağın mənası yoxdur. Məsələ bitib və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə qanunsuz rejim öz formal mövcudluğunu saxlasa da orada qalan qanunsuz silahlı birləşmələrin tərksilahı məsələsi aktuallığını qoruyub saxlayır. Status məsələsi və münaqişə artıq arxada qalıbsa Arzumanyanın qondarma “ordu”nun general mundirlərini də çıxarması qaçılmaz olacaq. Lakin indiki halda onun “ordusunun” tərksilah edilməsi məsələsi necə və nə vaxt həyata keçiriləcək, Rusiya sülhməramlıları bu qanunsuz qruplaşmanı fəaliyyətinə daha nə qədər şərait yaradacaq, hələlik bu aydın deyil...(Virtualaz.org)

pia.az