Vyanada “Havana sindromu“ - ABŞ diplomatları kütləvi şəkildıə özlərini pis hiss edir

ABŞ-ın “The New Yorker” nəşrinin iddialarına görə, Avstriya paytaxtı müəmmalı “Havana sindromu” fenomeninin yeni ocağına çevrilib.

AZƏRTAC xəbər verir ki, nəşr Vyanada xidməti fəaliyyət göstərən onlarla diplomat, hökumət və xüsusi xidmət orqanı əməkdaşının “Havana sindromu”na bənzər şikayətləri barədə məlumat yayıb. Qeyd edilib ki, bu, Kuba paytaxtı Havanadan kənarda baş verən bu cür halların ən yüksək statistikasıdır. Məqalə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Qeyd edilməlidir ki, 2016-cı ildə ABŞ və Kanadanın Kubadakı missiyalarının diplomatları və onların ailə üzvləri sonradan “Havana sindromu” adı verilən qəribə sağlamlıq problemlərindən şikayət ediblər. Hər iki ölkənin rəsmi qurumları bu şikayətləri “akustik hücum” kimi dəyərləndirib. Bu problemlə üzləşənlər başlarında bir növ təzyiq dalğası hiss etdiklərini bildiriblər. Eyni zamanda şikayətlər arasında cırcırama cırıltısına bənzər səslərin binaların içində onları müşayiət etdiyi, lakin binanı tərk edərkən bu səs-küyün kəsildiyi qeyd edilib. Baş ağrıları, baş gicəllənməsi, yuxu pozğunluğu və tinnitus (qulaqda küy) da şikayətlər arasında yer alıb.

İndiyədək bu kimi simptomlardan Havannanın ardınca London, Çin, Kolumbiya və Özbəkistandakı ABŞ təmsilçiləri də şikayətləniblər. Bu il hətta Ağ Ev əməkdaşları arasında da oxşar simptomlara rast gəlinib. Nəşrin yazdığına görə indiyədək 130 belə şikayət halı qeydə alınıb, onların bir qisminin əsl səbəbinin başqa xəstəliklərlə əlaqələndirmək mümkün olsa da, əksər hissəsi müəmma olaraq qalır. Bu simptomlardan şikayət edənlərin böyük əksəriyyəti (50 hal) Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşları, digərləri isə diplomat və hərbçilər, eləcə də onların ailə üzvləridir.

Vyanada ilk belə halın ABŞ-ın prezidenti Co Baydenin vəzifə səlahiyyətlərinə yeni başladığı dövrə təsadüf etməsi iddia olunur və qeyd edilir ki, rəsmi Vaşinqton bu barədə susmağa üstünlük verib. Bayden administrasiyası məlumat sızdırmamağa və beləliklə aparılan təhqiqatlara maneə olmamağa çalışıb. Bununla belə “sağlamlıqda yaranmış izah olunmaz hallara” aydınlıq gətirmək hələ də mümkün olmayıb.

Qeyd edək ki, Vyana  II dünya müharibəsindən sonra Şərq və Qərb bloku ölkələr arasında xüsusi xidmət orqanları arasında sıx təmasların və casus qalmaqallarının mərkəzlərindən biri olub. “New Yorker” də ehtimal, şayiə və konspiroloji nəzəriyyələrə meydan verməmək üçün qeyri-adi hallara tezliklə aydınlıq gətirilməli olduğunu yazıb.

pia.az