Naxçıvanın işdən qovulan nazirinin həbsi gözlənilir...

Ötən gün xəbər vermişdik ki, Naxçıvanın Gənclər və İdman naziri Azad Cabbarov dünən işə gələrək kollektivlə vidalaşıb. Əldə etdiyimiz məlumata görə, naziri Naxçıvan Ali Məclisinin Sədrinin nitq söylədiyi iclasda yatdığı üçün cəzalandırıblar. Ovqat.com-un bu gün əldə etdiyi məlumatlar isə A.Cabarovun işinin biz gözlədiyimizdən daha dolaşıq olduğunu düşünməyə əsas verir. Belə ki, Naxçıvan MR Ali Məclisi Sədri Vasif Talıbovun bu gün imzaladığı Fərmanla Azad Cabbarov rəsmən işdən qovulub. Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

 Azad Vaqif oğlu Cabbarov Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilsin”. Göründüyü kimi, bizim dünənki məlumatımız rəsmən öz təsdiqini tapsa da, fərmanda nazirin niyə işdən çıxarıldığı barədə heç bir məlumat verilmir. Bizim aldığımız yeni məlumata görə isə, Azad Cabarovun nazir olduğu 10 il ərzindəki fəaliyyəti dərindən yoxlanılıb və ciddi yeyinti faktları aşkarlanıb. İddialara inansaq, Cabbarovun əməlində korrupsiya faktı o qədər böyükdür ki, artıq barəsində cinayət işi belə, açıla bilər. Qeyd edək ki, Naxçıvan ictimaiyyəti nazir adı daşıyan Azad Cabbarovu facebook səhifəsində onun-bunun qarasına əxlaqsız sözlər yazmaqla tanımışdı. Hətta statuslarının birində millət vəkili Qüdrət Həsənquliyevi də təhqir etmişdi. Bir neçə il bundan əvvəl baş verən bu nalayiq hərəkətə görə, Qüdrət Həsənquliyev dəfələrlə nazirin cəzalandırılmasını tələb edirdisə də, Vasif Talıbov özünü eşitməzliyə vururdu. İndisə Cənab sədr qarşısında adi bir mürgü əxlaqsızlıqdan daha böyük günah kimi qəbul edilib və nazir dərhal işdən uzaqlaşdırılb. Bu da azmış kimi, onun fəaliyyəti dövründə əməlli-başlı korrupsiya ilə məşğul olduğu aşkarlanıb.

pia.az