Tofiq Yaqublunun müraciəti fayda vermədi

Siyasətçi Tofiq Yaqublu anasının dəfninə gedə bilmir, dövlət orqanları onun ölkədən çıxışına yasağın müvəqqəti götürülməsi üzrə müraciətə reaksiya verməyib.

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublunun anası iyulun 11-də vəfat edib. Dəfn mərasimi iyulun 13-ü Gürcüstanda, Bolnisi rayonunun İncəoğlu kəndində olacaq.

Bakıda ev dustağı olan Tofiq Yaqublunun anasının dəfninə buraxılması üçün dövlət orqanlarına müraciət edilib.

İyulun 13-də Novator.az-a danışan Tofiq Yaqublu deyib ki, dövlət orqanlarından müraciətə heç bir reaksiya gəlməyib: “Bir uydurma cinayət işi üzündən anamın dəfni mənsiz olacaq, ev dustaqlığı ölkədən çıxışıma imkan vermir.

Hazırda mənim işim Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Anamın səhhətinin ağır olduğu vaxt, iyunun 30-da məhkəməyə müraciət edib ölkədən çıxışıma icazə verilməsini istədim. Onda da heç bir reaksiya gəlmədi.

İyunun ortalarında qızım Nigar nənəsinə baş çəkmək məqsədilə həyat yoldaşı ilə birgə Gürcüstana yollanmaq istəyirdi, ancaq onlara təyyarə bileti satmadılar.

İyulun 12-də oğlum Rəhim anamın dəfninə gedə bilmədi. Hərbi xidmətdən yeni qayıtmış Rəhim Bakının hava limanından Gürcüstanın paytaxtı Tbilisiyə uçmalı idi, ancaq çağırışçıların ölkədən çıxmasına yasaq üzündən təyyarəyə buraxılmadı. İndi Rəhimin ölkədən çıxışına qadağa götürülüb, amma yaxın günlərə təyyarə bileti yoxdur”.

1961-ci ildə Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.

Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılıb. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə paytaxtın Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.

Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.

İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.

Tofiq Yaqublu Nizami Rayon Məhkəməsindəki proses bitməzdən bir gün əvvəl – 2020-ci il sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də paytaxtdakı “City Hospital” xəstəxanasına köçürülüb.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.

Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayəti üzrə yekun qərar çıxarmayıb. Siyasətçi bəraət istəyir.

Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014- 2019-cu illərdə həbsdə olub.

Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.

pia.az