Moldovadakı seçkilərdə Sandunun partiyası qalib gəlib

Moldovada keçirilən növbədənkənar parlament seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, Qərb yönümlü Moldova prezidenti Maya Sandunun “Əməliyyat və Həmrəylik” partiyası (PAS) qalib gəlib. 

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, dünən yerli vaxtla 07:00-da başlayan səsvermə prosesi yerli vaxtla 21:00-da başa çatıb. Səslərin sayılmasına başlanması ilə ilk qeyri-rəsmi nəticələr açıqlanıb.

Belə ki, seçki qutularından çıxan nəticələrə görə, səslərin 97,16 faizi artıq sayılıb. Moldova prezidenti Maya Sandunun “Əməliyyat və Həmrəylik” Partiyası (PAS) səslərin 48,39 faizini əldə edib.

İki keçmiş prezident - kommunist lider Vladimir Voronin və sosialist lider İqor Dodonun başçılıq etdiyi “Kommunistlər və Sosialistlər” partiyasından ibarət olan siyasi blok səslərin (BECS) 29,23 faizinə sahib olub. Seçkilərin ilk nəticələrinin sabah açıqlanması gözlənilir.

pia.az