İqbal Məmmədovun otelində qətl: Çayda öldüyü deyilən ofisiantı "Relax"ın dördüncü mərtəbəsindən atıb öldürüblər

Xəbər verdiyimiz kimi, Lerikdə yerləşən və deputat İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində 40 yaşlı, Anar Hüseyn oğlu Sücayevin meyiti tapılıb.

Reallıq.TV xəbər verir ki, hoteldə ofisiant işləyən Anar Şucayevin yaxınları iddia edirlər ki, o, öldürülüb dördüncü mərtəbədən aşağı atılıb və indi də hadisəni ört-basdır etməyə çalışırlar.

Bu barədə jurnalist Həbib Müntəzir məlumat paylaşıb.

Baş prokurorluq isə meyitin işlədiyi ərazidən təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunduğunu, ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertiza tərəfindən araşdırılacağını bildirib.

“Relax” istirahət mərkəzinə 78 saylı Lerik seçki dairəsindən deputat seçilən İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı rəhbərlik edir. 2019-cu ilin avqust ayında Lerik rayonunda fəaliyyət göstərən “Relax” istirahət mərkəzində vergi yoxlamasına gələn Vergilər Nazirliyinin işçiləri “Relax”ın işçiləri tərəfindən döyülüb. Bundan sonra aralarında millət vəkilinin oğlu Mirhəmid Nərimanlının da olduğu bir-neçə şəxs həbs olunub və ötən ilin yanvar ayında həbsdən azad olunub.

pia.az