Qubad İbadoğlu ABŞ-la vidalaşıb...

“ABŞ-da daimi qalmaq ağlımın ucundan belə keçmədi”...

İqtisadçı alim Qubad İbadoğlu professoru olduğu ABŞ-ın Ratqers Universiteti ilə (Nyu-Cersi şəhərində yerləşir) vidalaşıb. Novator.az-ın məlumatına görə, iyunun 30-u Ratqers Universitetində proffessorun sonuncu iş günü olub, həmin gün müqavilənin müddəti bitib. Bu barədə Qubad İbadoğnun özü məlumat yayıb:

“Son 15 ayda həftəsonu da daxil hər gün işlədiyim ofisi boşaldıb təhvil verdim. Şübhəsiz, həyatımın ən məhsuldar dövrlərindən birində 3 ilimi verdiyim, eyni zamanda çox şey qazandığım Ratqersdən ayrılmaq elə də asan deyil. Amma mən ABŞ-da olsam belə, hər zaman Bakı saatı ilə çalışdım, Azərbaycanla yaşadım. Təkcə Vətəndən gələn xəbərləri izləmədim, onların ən önəmlilərinə münasibətimi açıqladım, mövqe bildirdim. Xüsusilə də müharibə dövründə rəşadətli ordumuzun zəfərlərinin carçısına çevrildim. Sevincimi və kədərimi məni izləyən hər kəslə paylaşdım.

ABŞ-da ilk dəfə 1998-ci ildə olmuşam. Həmin tarixdən başlayaraq bu ölkənin müxtəlif ali təhsil ocaqlarında – Kanzas Universitetində, Şimali Karolina Universitetində, Dyuk Universitetində, Prinston Universitetində, nəhayət, son 3 akademik ildə Ratqers Universitetində çalışdım. Bu ölkədə yaşamaqdan, xüsusilə təhsil sektorunda çalışmaqdan çox şey öyrəndim, təcrübə qazandım. Ancaq ABŞ-da daimi qalmaq, bu ölkənin rezidenti və ya vətəndaşı olmaq ağlımın ucundan belə keçmədi. Bununla bağlı çoxsaylı təklifləri həmişə geri çevirdim. ABŞ-ın qarşısında heç bir öhdəlik götürmədim, Azərbaycan vətəndaşı olmağımla fəxr edərək yalnız viza ilə yaşadım. Bunun əziyyətini ailəmlə birlikdə çəkdim, amma fikrimdən dönmədim, ABŞ-da Azərbaycan vətəndaşı kimi yaşamağa və yaratmağa üstünlük verdim. Biliklərimi gənclərdən əsirgəmədim, tələbələrə elm, təhsil öyrətməkdən zövq aldım.

Siyasət mənim üçün yeganə seçim olmasa belə, ABŞ-da yaşadığım dövrdə aktiv siyasətlə məşğul oldum, Azərbaycan xalqının maariflənməsi və vətəndaşların ictimai şüurunun inkişafı üçün çalışdım. Bu fəaliyyətlərin nəticəsini bir müddətdən sonra hamımız birlikdə görəcəyik. Azərbaycan xalqı azad və firavan yaşamağa layiqdir. Buna imkan verən maddi, mənəvi və insan resurslarımız çoxdur. Bu tarixdən sonra harada yaşamağımdan asılı olmayaraq yenə də ölkəm üçün, vətəndaşlarımızın haqq etdiyi layiqli gələcək üçün yorulmadan, ruhdan duşmədən, əzmlə çalışacağam. Tanrı müstəqil Azərbaycanı qorusun!”

1971-ci il təvəllüdlü Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədridir. Uzun illər Müsavat Partiyasının öncül simalarından biri olub.

pia.az