Microsoft: “Ruslar yeni irimiqayslı haker hücumu həyata keçirib”

ABŞ-ın və dünyanın ən böyük texnologiya korporasiyalarından sayılan “Microsoft” yeni və kütləvi haker hücumuna məruz qaldığını bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “DW” portalı məlumat yayıb.

Şirkət həmin hücumun arxasında “Nobelium” qruplaşmasının olduğunu bildirib. Bu qrupu Qərb mətbuatı Rusiyanın hərbi kəşfiyyatı ilə əlaqələndirir. Məhz həmin haker dəstəsi 2020-ci ildə “SolarWinds” proqram təminatının sındırılmasında böyük rol oynamışdı.

Yeni hücumun hədəf dairəsinin 36 ölkədən olan milyonlarla istifadəçini əhatə etdiyi məlum olub. Bunlardan 45%-i ABŞ-a, 10%-i Böyük Britaniyaya, qalan hissəsi Kanada və Almaniyaya aiddir. Sui-qəsdçilərin əsas hədəflərinin başında hökumət idarələri, İT şirkətləri, qeyri-hökumət təşkilatları, analitik mərkəzlər və maliyyə institutları gəlib.

Microsoft həmlənin böyük qisminin dəf edildiyini, yalnız adı çəkilməyən 3 şirkətin serverlərinə iznsiz giriş həyata keçirildiyini xəbər edib. Həmin qurumlar artıq bununla bağlı xəbərdarlıq edilib.

pia.az