COVID-19 pandemiyası dövründə xəbərlərə etimad artıb

Koronavirus pandemiyası dövrü ərzində xəbərlərə etimad artıb - sosioloji rəy sorğusunda iştirak edənlərin 44 faizi informasiyalara etibar etdiklərini deyib.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Reuters İnstitutunun 92 mindən çox online xəbər istehlakçısı arasında apardığı sorğuya əsaslanan illik hesabatında deyilir.

Sorğunun nəticələrinə əsasən, pandemiyanın başladığı dövrdən bəri xəbərlərə etimad orta hesabla altı faiz artaraq 2018-ci il səviyyəsinə çatıb. Finlandiya ən yüksək ümumi etimad səviyyəsinə malik ölkə olaraq qalır (65 faiz). ABŞ-da isə bu göstərici ən aşağı səviyyədədir (29 faiz).

Televiziya xəbərləri bəzi ölkələrdə yüksək istehlak nəticələri göstərməyə davam edir. Karantin məhdudiyyətləri fiziki yayılmaya təsir göstərdiyi üçün çap mediasında kəskin eniş müşahidə olunur.

Sosial media xəbər platforması kimi gənc və məhdud təhsili istifadəçilər arasında geniş yayılıb. Feysbuk sosial şəbəkəsi isə yalan məlumatın yayıldığı əsas kanal hesab edilir. Braziliya və İndoneziya kimi bəzi ölkələrdə isə vatsap kimi tətbiqetmələr daha böyük problem hesab olunur.

Hesabatda, həmçinin insanların 73 faizinin xəbərləri smartfon vasitəsilə əldə etdiyi bildirilir.

Qeyd edək ki, Reuters Jurnalistika İnstitutu Oksford Universitetinin media trendlərini izləyən tədqiqat mərkəzidir. O, "Thomson Reuters" media kompaniyasının xeyriyyə bölməsi olan Thomson Reuters Fondu tərəfindən maliyyələşir.

pia.az