Moratinos: "Ağdamda siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum"

“Ağdamda bəyanatımda, yekun bəyanatımda dedim ki, mən bir növ qarışıq hisslər keçirirəm. Birincisi, siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum. Heç nə yoxdur, tamamilə dağıntıdır. İnsan kədərlənir ki, XXI əsrdə belə bir halın necə şahidi olmaq olar? İkincisi, düşünürəm ki, Ağdama səfərim yaxşı keçdi, çünki Sizin xüsusi nümayəndəniz mənə gələcək üçün planı göstərdi. Bu, böyük baxışdır, cənab Prezident. Yolları, insanların məşğul olduğunu, dinamikanı görmək imkanı böyük qürur hissi verir”.

Bunu BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos bu gün Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Ali nümayəndə bildirib ki, Azərbaycan hər zaman inkişaf edib və bu inkişaf daha da güclənəcək: “Mən özümü hər zaman Azərbaycanın dostu hesab etmişəm, bu dəfə də Sizinlə olmaqdan və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi qismində yeni missiyamda Sizin səylərinizi, Xarici İşlər Nazirliyini və Mədəniyyət Nazirliyinizi dəstəkləməyə çalışmaqdan qürur duyuram”.

pia.az