Müharibənin ilk saatları: əsgərlərimiz düşmən səngərini yaran mühəndis texnikasını çıxarmağa çalışır

Sosial şəbəkələrdə 44 günlük Vətən savaşının müxtəlif epizodlarına dair hərbçilərimizin mobil telefon kameraları ilə çəkdikləri müxtəlif qısa görüntülərə hələ də yeniləri əlavə olunmaqdadır. Əslində, hərbi əməliyyatların gedişinə dair cəbhə reportyorları tərəfindən çəkilmiş geniş videosüjetlər olmadığından (çünki reportyorların döyüşlər gedən ərazilərdən on kilometrlərlə aralıda işləmək imkanı var idi ,-red.) sosial şəbəkələrdə yayılan bu qısa görüntülər şanlı ordumuzun necə döyüşdüyü, düşməni necə əzdiyi barədə təəsüratlar əldə etməyin az qala yeganə mənbəyidir.

Bu baxımdan müharibənin ilk saatlarında çəkilmiş bir qısa görüntü diqqəti cəlb edir. Həmin görüntülərdə cəbhənin cənub istiqamətində Azərbaycan ordusunun əsgərləri düşmən səngərini yarmaq üçün istifadə edilən, ancaq hansısa səbəblərdən valda ilişib qalan mühəndis texnikasını (mühəndis-maneə maşını İMR-1) çıxarmağa çalışırlar.

Həmin mühəndis texnikası tanklardan və digər zirehli maşınlardan əvvəl döyüşə atılır, indiki halda düşmənin 30 ilə yaxındır möhkəmləndirdiyi müdafiə istehkamlarını yarıb hücum edən qüvvələrə yol açmaq üçün istifadə edilib. Yəni söhbət adi mühəndis texnikasından deyil, ölümün gözünə dik baxaraq düşmən müdafiəsini yarmaq üçün irəli şığıyan igidlərin idarə etdiyi texnikadan gedir...(virtualaz.org)

pia.az