Putin-Bayden görüşünün bəlli nəticələri... - Yaxınlaşma, yoxsa qarşıdurma?

ABŞ-la Rusiya arasında hər hansı yaxınlaşma və əməkdaşlıq mümkün görünürmü, yoxsa iki ölkə arasında qarşıdurma yaxın illərdə daha da böyüyəcək?..

Politoloq: “Danışıqlar onu göstərir ki, ABŞ prezidenti Bayde və Rusiya prezidenti Putin ən ağrılı problemlərin həlli üçün dialoq aparmaq istəyirlər”.

“ABŞ-la Rusiya arasında hər hansı yaxınlaşmadan danışmaq tezdir”.

Bu sözləri politoloq İlqar Vəlizadə dünən keçirilən Bayden-Putin görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Baydenlə Putin arasında ilk görüş oldu. Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Bayden ilə Cenevrədə keçirdiyi görüşdən sonra mətbuat konfransı təşkil edib.

Rusiya lideri Prezident Co Bayden ilə görüşün bütövlükdə səmərəli keçdiyini qeyd edərək deyib ki, tərəflər hər iki ölkənin səfirlərinin geri qayıtması, məhkum edilmiş şəxslərin təhvil verilməsinin müzakirə olunması barədə razılığa gəlib, Arktika, Ukrayna, kibertəhlükəsizlik ətrafında vəziyyəti müzakirə ediblər.

Görüşün yekunlarına dair strateji sabitlik barədə birgə bəyanat imzalanıb. Tərəflər nüvə müharibəsinin baş verməsinin mümkünsüzlüyünü də vurğulayıblar.

Digər tərəfdən, Rusiya Prezident Sarayı, Kreml, Putin və Bayden görüşündən sonra razılaşdırılmış ortaq bəyanat yayıb.

Bəyanatda Rusiya və ABŞ-ın gərginlik dövründə də strateji sahədə proqnozlaşdırılmanın­ təmin edilməsi, silahlı qarşıdurma və nüvə müharibəsi təhlükəsinin azaldılması kimi ümumi hədəflərə doğru irəliləyə bildiklərini göstərdikləri bildirilib.

ABŞ və Rusiya arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında sazişin (Yeni START) müddətinin uzadıldığına işarə edilən bəyanatda

“Yeni START-ın müddətinin uzadılması nüvə silahlarına nəzarət öhdəliyimizin bir sübutudur. Hazırda nüvə müharibəsində qalib olmadığımıza və belə bir müharibənin əsla başladılmamasına dair sadiqliyimizi təkrar təsdiqləyirik” deyilib.

Bəyanatda göstərilən hədəflərə çatmaq üçün Rusiya ilə ABŞ arasında qısa müddətdə hərtərəfli məsləhətləşmələrin başlayacağı ifadə edilib və “Strateji sabitlik mövzusunda möhkəm və güclü, hərtərəfli bir ikitərəfli dialoq başlayacaq. Bu dialoq vasitəsi ilə gələcəkdəki silahlara nəzarət və risklərin azaldılması tədbirlərinin təməlini qoymaq istəyirik” ifadələri yer alıb.

Bu görüşün bəlli nəticələri barədə nə demək mümükndür. ABŞ-la Rusiya arasında hər hansı yaxınlaşma və əməkdaşlıq mümkün görünürmü, yoxsa iki ölkə arasında qarşıdurma yaxın illərdə daha da böyüyəcək?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “ABŞ və Rusiya arasında qarşıdurma qalacaq. Çünki ABŞ və Rusiya xarici siyasətlərində dəyişikliklər etməyəcək”.

Həm ABŞ, həm də Rusiya üçün risklərin, təhlükələrin olduğunu vurğulayan politoloq bildirib ki, hər iki ölkə də bu risklərdən, təhlükələrdən qaçmaq istəyir. Bu məsələlərə görə ortaq məxrəcin tapılması baxımından Putin-Bayden görüşü vacib idi:

“ABŞ-la Rusiya arasında hər hansı yaxınlaşmadan danışmaq tezdir. Danışıqlar onu göstərir ki, ABŞ prezidenti Bayde və Rusiya prezidenti Putin ən ağrılı problemlərin həlli üçün dialoq aparmaq istəyirlər. Bu dialoq da imkan verir ki, ABŞ və Rusiya toqquşmalı olduqları məsələlərdə tam üz-üzə gəlməsinlər. Əsas məsələ də bu idi. Buna görə də dünənki Bayden və Putin görüşü əhəmiyyətli idi.

Tərəflər arasında müəyyən rabitə olmalıdır ki, onlar bir-birlərini eşitsinlər və xarici siyasətlərində müəyyən korrektələr etsinlər. Həm ABŞ, həm də Rusiya üçün risklər, təhlükələr var. Hər iki ölkə də bu risklərdən, təhlükələrdən qaçmaq istəyir. Bu məsələlərə görə ortaq məxrəcin tapılması baxımından da Putin-Bayden görüşü vacib idi.

İlqar Vəlizadə: “İki ölkə arasında birbaşa toqquşmalar olmayacaq”.

Düşünürəm ki, həm Bayden, həm də Putin praqmatik insandır. Buna görə də iki ölkə arasında müəyyən məsələrdə razılaşma olacaq. Amma əlbəttə ki, ABŞ və Rusiya arasında qarşıdurma qalacaq. Çünki ABŞ və Rusiya xarici siyasətlərində dəyişikliklər etməyəcək. Buna baxmayaraq iki ölkə arasında birbaşa toqquşmalar olmayacaq.

Qeyd edim ki, regional risklər müəyyən dərəcədə azala bilər. Həmçinin beynəlxalq səviyyədə proqnozlaşdırılan məsələlərin meydana çıxması hiss olunacaq”.

Nərminə UMUDLUpia.az