“Neftçi”nin baş məşqçisi keçmiş müəlliminə rəqib oldu

“Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın “Dinamo” (Tbilisi) klubu 1925-ci ildə yaradılıb.

PİA.az xəbər verir ki, klubun prezidenti Roman Pipia, baş məşqçisi əvvəllər Bakının “Standard” və “İnter” (indiki “Keşlə”) klublarını çalışdırmış Kaxaber Tsxadadzedir. “Neftçi”nin baş məşqçisi Samir Abbasov “İnter”də (2007-2010-cu illər) məhz onun rəhbərliyi altında oynayıb.

“Dinamo” ev oyunlarını 55 min tamaşaçı tutumuna malik olan Boris Payçadze adına “Dinamo Arena”da keçirir.

“Neftçi” ilə SSRİ çempionatlarında dəfələrlə qarşılaşmış “Dinamo” (Tbilisi) 1964 və 1978-ci illərdə SSRİ çempionatının, 1976 və 1979-cu illərdə SSRİ Kubokunun, 1981-ci ildə isə UEFA Kuboklar Kubokunun qalibi olub.

“Dinamo” Gürcüstanın ən titullu klubudur. Komanda 18 dəfə ölkə çempionatının, 13 dəfə kubokun, səkkiz dəfə isə Superkubokun qalibi olub. Onlar hər üç turnirin qalibi olmaq baxımından Gürcüstanda rekordçudur. Paytaxt təmsilçisi 2004-cü ildə “Birlik kuboku”nu başı üzərinə qaldırıb. Gürcüstan müstəqillik qazanandan sonra “Dinamo”nun avrokuboklardakı ən böyük uğuru 2004/2005 mövsümündə UEFA Kubokunun qrup mərhələsində iştirak etmək olub.

“Dinamo”nun heyətində gürcü futbolçularla yanaşı, İspaniya, Serbiya, Slovakiya, Toqo, Qvineya və Niderlanddan olan legionerlər yer alır.

Gürcüstan çempionu əvvəllər iki dəfə Azərbaycan təmsilçisi ilə avrokubokda qarşılaşıb. “Dinamo” 2015-ci ildə Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” səddini keçə bilməyib (2:1, 0:2). Lakin dörd il sonra həmin turnirin II təsnifat mərhələsində “Qəbələ”dən qisasını artıqlamasıyla alıb (3:0, 2:0).

Qeyd edək ki, “Neftçi” ilk oyununu 6 və ya 7 iyulda Tbilisidə, cavab görüşünü isə 13 və ya 14 iyulda Bakıda – “Bakcell Arena”da keçirəcək.

pia.az