AVRO-2020: Danimarka - Finlandiya matçı təxirə salındı -  Foto, Yenilənib

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçı təxirə salınıb.

"Report"un məlumatına görə, buna meydan sahiblərinin futbolçusu Kristian Eriksenin meydanda huşunu itirərək yerə yıxılması və təcili yardım maşını ilə xəstəxanaya aparılması səbəb olub.

***

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçında xoşagəlməz hadisə baş verib.

"Report"un məlumatına görə, ilk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb. Bundan sonra görüş dayandırılıb.

İlkin ehtimallara görə, yarımmüdafiəçinin ürəyi dayanıb. Bir müddət meydanın içində müalicəsi davam etdirilən Eriksen daha sonra xəstəxanaya aparılıb.

Qarşılaşmada hesab açılmayıb.

***

1992-ci ilin Avropa çempionu Danimarka öz meydanında ilk dəfə qitə çempionatında mübarizəyə başlayan Finlandiyanı qəbul edir.

B qrupunun ilk matçında favorit meydan sahibləri sayılır. Oyun artıq başlayıb.

***

B qrupunun ilk matçının Kopenhagendə baş tutacaq Danimarka – Finlandiya oyununun start heyətləri açıqlanıb.

Oxu.Az-ın xəbərinə görə, matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

pia.az