Bazara çıxış yolu

İqtisadçı Qubad İbadoğlu Azərbaycanın kənd təsərrüfatı istehsalçılarının problemlərindən yazıb.

Ekspert qeyd edir ki, fermerlər məhsullarının Rusiya bazarına çıxarılmasında böyük çətinliklərlə üzləşir: “Rusiya istiqamətində hərəkət edən yüzlərlə yük maşını sərhədi keçmək üçün Samur gömrük postunda növbə gözləyir. Dövlət Gömrük Komitəsi Samur postunun gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini, gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük maşınının keçidinin təmin edildiyini. bildirir. Görünür, Rusiya bundan çox avtomobili qəbul etmir. Bu səbəbdən xüsusilə Göyçaydan və Cəlilabaddan Rusiyaya göndərilən meyvə-tərəvəz və bostan məhsulları yollarda xarab olur, fermerlər ziyan çəkir.

Bu il fermerlərin xərcləri də xeyli artıb, daşınma bahalaşıb.

Problemin həlli üçün ilk növbədə ixrac bazarları şaxələnməli, Rusiyadan müstəsna asılılıq aradan qaldırılmalıdır. Yeni bazarlara çıxış imkanları araşdırılmalı, fermerlərə alternativ satış bazarları təklif olunmalı və bu iş stimullaşdırılmalıdır.

İkincisi, Rusiya bazarlarına kənd təsərrüfatı məhsullarının daşınmasında alternativ variantlardan, xüsusilə də dəmiryol nəqliyyatından istifadə edilməlidir.

Kənd təsərrüfatı məhsullarının bazasında emal sənayesini inkişaf etdirmək, fermerlərə, onların mallarını bazarlara çıxaran şirkətlərə dəyən zərər üçün sığorta mexanizmləri tətbiq etmək də zəruridir”.

pia.az