İçmək olarmı? Peyvəndlə bağlı bu və başqa suallara cavab

Yüksək hərarətlə müşayiət olunan qaymorit, otit, abses və digər bu kimi infeksion xəstəliklər baş verərsə, COVİD-19 əleyhinə peyvəndləməni bir neçə gün təxirə salmaq daha yaxşıdır. Çünki bu halda immun sistemi başqa problemlə mübarizə apardığından vaksinə mənfi reaksiya verə bilər.

COVİD-19 infeksiyasının cüzi əlaməti hiss olunduqda testdən keçmək vacib şərtlərdən biridir. Əgər analizin nəticəsi müsbət çıxarsa, siz peyvəndlənməyi 3 aydan 6 ayadək müddətə ləngitməli olacaqsınız.

Peyvənd olunmazdan əvvəl və peyvənd olunarkən günəş şüalarının dərini yandırmasından qorunmaq məsləhətdir. Gün yandırmasının COVİD peyvəndinə təsiri ilə bağlı kifayət qədər məlumat olmasa da, günəş şüalarının dəriyə aşkar təsirinin immun sistemini güclü səfərbər etdiyi bəllidir.

Mütəxəssislərin bildirdiyinə görə, menstruasiya hətta makrofaqların itkisi prosesi gedəndə belə vaksinə xüsusi təsir göstərmir. Buna baxmayaraq aybaşı dövrü ağrılarla müşayiət olunanda və bu səbəbdən iltihab əleyhinə dərmanların qəbuluna zərurət yarananda peyvəndlənməyi başqa vaxta keçirmək daha düzgündür.

Peyvəndlənməyinizə bir neçə gün qalmış immun sistemini çox stimullaşdıran işlərdən, məsələn, soyuq suda üzməkdən, yaxud vərdişkar olmadığınız intensiv idmandan uzaq durmağınız yaxşıdır. Eyni zamanda immun sistemini zəiflədən işlərdən, tutalım, gecə saatlarında çalışmaqdan, yuxusuz qalıb teleseriala baxmaqdan, yaxud sizi vaxtında yatmağa qoymayacaq uzun məclislərdən, hədisz içki içməkdən və digər bu kimi vəziyyətlərdən yayınmaq gərəkdir.

Peyvəndin effektini azaltmamaq üçün inyeksiyadan əvvəlki günlərdə immuniteti zəiflədən qeyri-steroid iltihab əleyhinə dərmanların (NSAİD) qəbulunu dayandırmaq məsləhətdir. Qeyri-steroid iltihab əleyhinə dərmanlara ibuprofen (advil, spifen, nurofen) və ya ona yaxın olan flurbiprofen (antadis), həmçinin kortizon tərkibli dərmanlar daxildir.

Antihistamin (allergiyaya qarşı) tərkibli dərmanların qəbulu problem deyil. Toza qarşı allergiyası olanların peyvənd vaxtı qəbul etdikləri dərmanlardan imtinasına ehtiyac yoxdur.

Xarici görünüşə gəlincə, həmişəki kimi olun. Ancaq peyvəndlənməyə qoluqısa paltarda yollansanız tibb işçilərinin işini yüngülləşdirmiş olarsınız. Bir vacib məsələni – maska taxmağı qətiyyən yaddan çıxarmayın.

İnyeksiya prosesi qısa sürür, iynənin vurulduğu çox da hiss olunmur. Bu məsələdə yalnız bir məsləhət vermək olar: peyvəndlənərkən hansı qolunuzu uzatmalı olduğunuzu bilməyiniz yaxşıdır. Biz iynə vurduranda çox vaxt yazmayan qolumuzu uzadırıq. Amma peşəkarların məsləhəti belədir: hansı qolunuz üstə yatmırsınızsa, peyvəndi o qola vurdurmağınız daha münasibdir.

Vaksin orqanizmə virus hücumu imitasiyası yaratdığına və orqanizm buna cavab olaraq müdafiə sistemini aktivləşdirdiyinə görə peyvənd olunandan sonra qripəbənzər əlamətlər və ya başda ağırlıqlar hiss edə bilərsizinz. Bundan qorxmaq lazım deyil. Belə simptomlarla qarşılaşanda boğazı yaxşıca islatmaq, dincəlmək, yeri gələndə parasetamol da qəbul etmək olar. Bəzi insanlar bu səbəbdən peyvəndlənməyi istirahət günü ərəfəsinə salırlar.

Nəhayət, hamını maraqlandıran sual: alkoqol qəbul etmək olarmı? Bax, bu o qədər də yaxşı ideya deyil. Çünki alkoqol immun sisteminə ziyan vurur. Əlbəttə, bir bokal pivə bir ildir davam edən dərman tədqiqatlarını məhv edəsi deyil, ancaq normanı aşmaq olmaz.

Əslində, spirtli işkinin immun sisteminə təsiri haqda bilgi o qədər də çox deyil. Ancaq bir fakt hamıya məlumdur: normadan artıq içmək immun müqavimətini zəiflədir, bakteriyalara və viruslara həssaslığı artırır. Alkoqol immun hüceyrələrinin infeksiya ocaqlarına çatmasına və virusları, bakteriyaları, habelə yoluxmuş hüceyrələri məhv etməsinə mane olur. O biri yandan da spirtli içki virusların hüceyrələrə daha asan daxil olmasına şərait yaradır.

Normadan artıq alkoqol, onun səhərlər yaratdığı süstlük vaksinin əks təsirlərini artıra, hərarətin yüksəlməsinə və pasiyentin özünü pis hiss etməsinə səbəb ola bilər. Ona görə içməmək, heç olmasa azca içmək lazımdır.

Yaxşı qidalanmanın vaksinasiyaya mənfi təsiri haqda heç bir fakt yoxdur. Peyvənddən sonra həzm prosesində yüngül narahatlıqlar ola bilər. Ancaq bunun məhz peyvəndlə bağlı olduğuna dair dəlillər də mövcud deyil.

Normasında idmanla məşğul olmaq və ya başqa adi fiziki fəallıqlar peyvəndə risk yartmır. Sadəcə, elə etməlisiniz ki, yorulmayasınız. Çünki yorğunluq immun reaksiyasını aşağı salır. Əgər siz daima idmanla məşğul olursunuzsa, adət etdiyiniz məşqləri dayandırmaya bilərsiniz.

Bəs peyvənddən sonra maska taxmaq necə? Nəzərə alın ki, koronavirus peyvəndi ikinci dozadan iki həftə sonra immunitet yaradır. Bu müddətdə özünüzü və başqlarını qorumalısınız. İctimai yerlərdə maska taxmaq vacibdir. Ümumiyyətlə, elmi nöqteyi-nəzər belədir ki, biz peyvənd olunmuşuqsa, onda yalnız peyvəndlənmiş insanların olduğu otaqda maskamızı çıxara bilərik.

Nəhayət, təcridolunma və test tədbirləri haqda.

Fransanın Baş Səhiyyə İdarəsinin məlumatına görə, peyvənd olunandan sonra da xəstələrlə kontakta diqqət yetirmək lazımdır. Qurumun məlumatında qeyd olunur ki, koronavirus testinin cavabı müsbət çıxmış insanla rastlaşanda özümüzü təcrid etməliyik, çünki hətta peyvəndlənəndən sonra da risk sıfıra enmir. Ona görə ehtiyat tədbirləri davam etməlidir.

Tədqiqatlar vaksinasiyanın COVİD-19 infeksiyasının yayılmasına nəzərəçarpacaq dərəcədə təsir göstərdiyindən xəbər verir. Amma ehtiyat tədbirləri öz qüvvəsində qalır. Bu tədbirlərə simtomlar meydana çıxıbsa, test vermək də daxildir. Çünki bu günə olan məlumata görə, peyvənd koronavirusa yoluxmanın qarşısını almır, yalnız xəstəliyin ağırlaşmasının qarşısını alır.

(Müəllif: Lor Daziniyer Mənbə: Slate.fr Tərcümə: Novator.az)

pia.az