Paşinyanın at gedişi - Sərhəddəki gərginlik Ermənistanda keçiriləcək seçkiləri təxirə salmaq məqsədi daşıyır?

Dünən Ermənistanın baş naziri gərginlik artarsa Ermənistanda həqbi vəziyyət elan ediləcəyinin anonsunu da verib, bu gün isə 6 erməni hərbiçi Kəlbəcərdə əsir götürülüb...

Politoloq: “Əslində Nikol Paşinyan tərəfindən verilən mesajın arxasında duran əsas məqsəd seçkilərin təxirə salınmasıdır”.

“Bu cür gərginliklərin baş verməsi dolayısı ilə Rusiyanın prosesə vasitəçi olaraq müdaxiləsinə imkan yaradır. Bu da bütün zamanlarda Rusiyanın əsas istəklərindən biri olub”.

Bu sözləri politoloq Natiq Miri səhər saatlarında sərhəddə yaranan növbəti gərginliyin Ermənistanda keçiriləcək seçkilərlə bağlılığını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Paşinyan Ermənistanda yenidən müharibə vəziyyətinin elan oluna biləcəyini bildirib. Paşinyan bildirib ki, Azərbaycan hərbiçiləri Ermənistan ərazilərindən çıxmayana qədər sərhədlərin qarşılıqlı tanınması ilə bağlı heç bir sənəd imzalamayacaq. Həmçinin Ermənistanın baş naziri gərginlik artarsa Ermənistanda həqbi vəziyyət elan ediləcəyinin anonsunu da verib. Bu isə əslində seçkilərin ləğv olunması demək olacaq.

Bu gün səhər isə Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcərdə 6 erməni əsgərinin əsir götürüldüyünü açıqlayıb. Belə ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).>

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Hazırda bu istiqamətdə əməliyyat şəraitinin bölmələrimizin nəzarəti altında olduğu qeyd edilir.

Belə iddialar da var ki, sərhəd təxribatı Ermənistanda olan bir qrup şəxslər tərəfindən törədilir və onlar Paşinyanın qalib gəlməsindən qorxaraq seçkiləri təxirə salmaq istəyir. Lakin bir neçə gün əvvəl Paşinyana daha yaxın olan “Maariflənmiş Ermənistan” partiyasının lideri və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan sərhəddəki vəziyyətlə bağlı seçkilərin təxirə salınmasını tələb etmişdi.

Sərhəddə vəziyyət gərginləşməkdə davam edərsə və müharibə ehtimalı artarsa, Ermənistanda parlament seçkiləri təxirə düşə bilərmi və sərhəddəki gərginlik məhz seçkiləri təxirə salmaq məqsədi ilə yaradılırmı?

Sərhəd gərginliyinin səbəblərini PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Əgər Paşinyan görsə ki, həqiqətən də indiki vəziyyətdə seçkini udmaq mümkün deyil, o suni ajiotaj yaratmaqla fövqəladə vəziyyət elan etmək, prosesə üçüncü qüvvələrin müdaxiləsini təmin etmək bəhanəsi ilə seçkiləri təxirə sala bilər”.

Son zamanlar sərhəddin müəyyən edilməsi üçün sərhəddə aparılan işləri erməni muxalifətinin Nikol Paşinyanın əleyhinə istifadə etdiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, sərhəddə baş verən hadisələr Paşinyanı seçki öncəsi ciddi şəkildə nüfuzdan salmağa başlayıb. Bu özünü sosioloji sorğularda da göstərir. Bununla bağlı da erməni ictimai rəyində seçkilərin təxirə düşməsi fikiri səsləndirilir:

“Əslində Nikol Paşinyan tərəfindən verilən mesajın arxasında duran əsas məqsəd seçkilərin təxirə salınmasıdır. Çünki müharibə şəraitinin elan olunması ölkə ərazisində fövqəladə vəziyyətin elan olunması anlamına gəlir. Fövqəladə vəziyyət elan olunduğu təqdirdə əlbəttə ki, seçki prosesi təxirə salınacaq. Həmçinin kütləvi toplantılar da tamamilə ləğv olunacaq.

Son zamanlar sərhəddə aparılan işləri erməni muxalifəti Nikol Paşinyanın əleyhinə istifadə etdilər. Bu hadisələr də Paşinyanı seçki öncəsi ciddi şəkildə nüfuzdan salmağa başlayıb. Bu özünü sosioloji sorğularda da göstərir. Bununla bağlı da erməni ictimai rəyində seçkilərin təxirə düşməsi fikiri səsləndirilir. Hətta parlamentdə təmsil olunan bəzi siyasi partiya rəhbərləri də Paşinyanın fikirlərini ifadə edərək seçkilərin təxirə salınmalı vacibliyindən danışırlar.

Əgər Paşinyan görsə ki, həqiqətən də indiki vəziyyətdə seçkini udmaq mümkün deyil, o suni ajiotaj yaratmaqla fövqəladə vəziyyət elan etmək, prosesə üçüncü qüvvələrin müdaxiləsini təmin etmək bəhanəsi ilə seçkiləri təxirə sala bilər. Ermənistanın baş nazirinin bu açıqlamasının arxasında da əsas məqsəd budur”.

Nərminə UMUDLUpia.az