"Keşlə" Azərbaycan Kubokunun ikiqat qalibi oldu - Yenilənib

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

“Report”un məlumatına görə, həlledici qarşılaşmada “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Keşlə” tarixində 2-ci dəfə bu titula sahib çıxıb.

Qarşılıqlı hücumlarla başlayan görüşdə hesab erkən açılıb. 3-cü dəqiqədə standart vəziyyətdən ötürmə zamanı paytaxt təmsilçisinin müdafiəçisi Miyusko Boyoviç topu öz qapısına göndərib. Qoldan sonra bir qədər müdafiəyə çəkilən “gənclik şəhəri” təmsilçisi əks-hücumlara bel bağlayıb. 29-cu dəqiqədə “Keşlə”nin yarımmüdafiəçisi Rəhman Hacıyev rəqib qapıçı ilə üzbəüz qalsa da, fürsətdən istifadə edə bilməyib. Müdafiəçilər topun qapıdan keçməsinə mane olublar. Buna baxmayaraq, Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv 8 dəqiqə sonra istəyinə çatıb. Şəhriyar Əliyev başla qapını dəqiq nişan alaraq, hesabı bərabərləşdirib. İlk hissənin sonlarında “Sumqayıt”ın futbolçusu Rəhim Sadıxov yaxın məsafədən topu qapının üstündən vurub.

Birinci hissə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İkinci yarıya daha yaxşı başlayan nominal meydan sahibləri 57-ci dəqiqədə hesabı öz xeyirlərinə dəyişiblər. Avtoqol müəllifi olan Boyoviç bu dəfə rəqibi məyus edib. Hesabda geri düşən “Sumqayıt” ikinci hissənin ortalarında Sadıxovla yaxşı şans yaxalasa da, Azərbaycan millisinin yarımmüdafiəçisi topa istədiyi kimi toxuna bilməyib. 66-cı dəqiqədə Əli Qurbani “Keşlə”nin cərimə meydançasında yerə yıxılsa da, matçın baş hakimi Əliyar Ağayev görüşü davam etdirib. Matçın sonlarına doğru paytaxt təmsilçisi 3-cü qolu vurmağa yaxın olsa da, Sadio Tounkaranın zərbəsində azacıq dəqiqlik çatmayıb. 87-ci dəqiqədə "Sumqayıt"ın heyətində Mehdi Şərifinin başla vurduğu top qapı tirindən meydanı tərk edib. Az sonra iranlı hücumçu növbəti dəfə diqqət mərkəzinə düşüb. Lakin onun fərqlənməsinə rəqib qapıçı Stanislav Namaşko imkan verməyib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə bakılıların yarımmüdafiəçisi Rəhamn Hacıyevin qüvvətli zərbəsi dirəyə tuş gəlib.

Beləliklə, 2:1 hesablı qələbə qazanan “Keşlə” kubokun qalibi olub. Bu, eyni zamanda Sənan Qurbanovun ölkə kubokunda 2-ci uğuru kimi tarixə düşüb.

Qeyd edək ki, “Keşlə” bu qələbə ilə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

***

"Keşlə" və "Sumqayıt" klubları arasında Azərbaycan Kubokunun final oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

***

"Keşlə" və "Sumqayıt" komandaları arasında Azərbaycan Kubokunun final oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, 37-ci dəqiqədə nominal meydan sahiblərinin müdafiəçisi Şəhriyar Əliyev hesabı bərabərləşdirib.

***

"Keşlə" və "Sumqayıt" komandaları arasında Azərbaycan Kubokunun final oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 3-cü dəqiqədə paytaxt klubunun müdafiəçisi Miyusko Boyoviçin öz qapısına vurduğu qol "gənclik şəhəri" təmsilçisini önə çıxarıb.

***

Keşlə" və "Sumqayıt" komandaları arasında Azərbaycan Kubokunun final oyunu start götürüb.

"Report"un məlumatına görə, Masazırdakı "Bank Respublika Arena"da keçirilən qarşılaşma saat 19:34-də başlayıb.

Qeyd edək ki, görüşü FIFA referisi Əliyar Ağayev idarə edir.