"Ziyan hesablanır" - Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Ermənistanın Azərbaycan ərazilərinə vurduğu ziyanla bağlı araşdırma apardıqlarını bildirib.

Qubad İbadoğlu işğalçı Dağlıq Qarabağ rejiminin açıqladığı statistikaya əsaslanıb yazır: “2019-cu ildə bölgədən 283,1 milyon dollarlıq cəmi ixracın 67,4 faizi Ermənistanın, 32,5 faizi Rusiyanın, 0,1 faizi başqa ölkələrin payına düşüb. Həmin il Qarabağdan xaricə göndərilən malların 45,8 faizi mineral məhsullar, 39,7 faizi qiymətli daş-qaş və metallar olub. Hər iki ixrac malının birlikdə dəyəri 242 milyon dolları ötüb.

Görünür, işğal dövründə torpağın altında olan təbii sərvətlərin, faydalı qazıntıların əksəriyyəti istismar olunub. İşğaldan Azərbaycana dəyən ziyanın hesablanması istiqamətində araşdırmalarımız davam edir. Daha geniş və detallı hesabatlar dərc olunacaq”.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan edilib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları və keçmiş Ağdərə rayonu), onun ətrafındakı bir çox bölgəni işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.(novator.az)

pia.az