Vaksin istehsalçıları kasıb ölkələrə 3.5 milyard doza COVID-19 peyvəndi verəcək

Peyvənd istehsal edən şirkətlər kasıb ölkələrə bu il və qarşıdakı il üçün 3.5 milyard doza COVID-19 peyvəndi vəd ediblər.

APA-nın AFP-ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün G20 ölkələrinin Qlobal Səhiyyə Sammitinə qatılan "Pfizer", "Moderna" və "Johnson & Johnson" şirkətlərinin təmsilçiləri bildirib.

ABŞ-ın dərman şirkəti "Pfizer"in icraçı direktoru Albert Bourla bildirib ki, şirkət tərəfindən 2021-ci ildə bir milyard doza olmaqla qarşıdakı 18 ayda iki milyard doza COVID-19 peyvəndi bu ölkələrə çatdırılacaq.

"Moderna"nın icraçı direktoru Stefani Bansel isə rəhbərlik etdiyi şirkətin bu il üçün 95 milyon, gələn il üçün 900 milyon doza peyvənd çatdıracağını bildirib. O qeyd edib ki, bu peyvəd dozaları COVAX mexanizmi çərçivəsində çatdırılacaq.

"Johnson & Johnson" şirkətinin icraçı direktorunun müavini Paul Stoffels isə deyib ki, şirkətin 2021-ci il üçün COVAX-la razılaşmasına əsasən kasıb ölkələrə 200 milyon doza ayrılıb və əlavə 300 milyon doza ilə bağlı müzakirələr gedir.

Bildirilib ki, peyvəndlər bu ölkələrə öz qiymətinə və ya endirimlə veriləcək.

pia.az