Braziliyadan "AstraZeneca" vaksini ilə bağlı ilginc qərar

Braziliyada hamilə və yeni ana olan qadınlarln koronavirusa qarşı "Oxford-AstraZeneca" şirkətləri tərəfindən hazırlanan vaksinlə peyvənd olunması dayandırılıb.

Musavat.com bildirir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi rəsmi açıqlama yayıb. Məlumatda bildirilib ki, nazirlik bununla bağlı Braziliya Sağlamlıq Nəzarət Agentliyinin tövsiyəsinə əsasən qərar verib.

Səbəb isə mayın 7-də "AstraZeneca" vaksini ilə peyvənd olunan hamilə qadının ölməsi olub.

Səlahiyyətli şəxslər hazırda qadının ölüm səbəbinin peyvəndlə əlaqəli olub-olmadığını araşdırırır.

Son dövrlərdə Braziliyada koronavirusdan ölən hamilə qadınların sayı artdığı üçün doğuşdan əvvəl onların peyvənd olunması ilə bağlı qərar verilmişdi. Mütəxəssislər qeyd edir ki, bu qərarın faydaları risklərindən daha çoxdur.

Braziliyanın Milli Peyvənd Proqramı komitəsinin üzvü olan Corc Kalil bildirib:

"Bu itkiyə görə çox üzüldük, ancaq peyvəndin tromboza səbəb olub- olmadığı hələ dəqiq məlum deyil. Hadisənin detallarını araşdırırıq".

Səhiyyə naziri Marcelo Queiroga da "AstraZeneca" peyvəndinə qarşı inamlı olduğunu deyib:

"Bu peyvəndin təhlükəsizliyinə və effektivliyinə inandığımı bir daha təkrar edirəm. Ölkədəki vaksinasiya prosesi ən tanınmış mütəxəssislər, texniki heyətinin dəstəyi ilə həyata keçirilir".

210 milyondan çox əhalisi olan Cənubi Amerika ölkəsi Braziliya koronavirusdan ölənlərin sayına görə dünyada ABŞ-dan sonra ikinci sıradadır. Bu günə qədər ölkədə 428 mindən çox insan virusdan dünyasını dəyişib.

pia.az