Baydenin tələbləri, İranın məsuliyyətdən qaçmaq istəyi və Zərifin prezidentlik iddiları...

“İran danışıqların daha uzun çəkməsini istəyir. Amma sanksiyaların dərhal ləğv edilməsini da tələb edir”...

Hüda Hüseyni“Şarkul Avsat” qəzeti, 6 may 2021-ci il

Keçən bazar günü İran mediası Tehranın ABŞ və İngiltərə üzərində qələbələr qazanması xəbərləri ilə gündəmi məşğul edib.

İran mətbuatı ABŞ-la casus mübadiləsi qarşılığında dondurulmuş 7 milyard dollarlıq vəsaitini geri alacağı iddia edilib. Eyni şəkildə İngiltərənin İran əsilli bir vətəndaşının sərbəst buraxılması qarşılığında İrana 400 milyon funt sterlinq ödəyəcəyi də iddia edilib. Lakin çox keçmədən hər iki ölkə bu məlumatları rədd edib. Bu qarışıqlıq İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin bir çox insanın bildiyi məsələ barədə ucadan danışdığı uzun bir müsahibənin sızdırılmasından sonra baş verib.

Bəs niyə görə indi?

İranlı mütəxəssislərin bu mövzuda iki fikri var.

Birinci baxışın tərəfdarları iddia edir ki, prezidentliyə namizəd olmaq istəyən Zərif ABŞ-la müqavilə imzalayaraq Vaşinqtonla münasibətlərin normallaşmasını tələb edən seçiciləri öz tərəfinə çəkmək istəyir və səs yazısı da bu məqsədlə qəsdən sızdırılıb.

İkinci baxışın tərəfdarları isə sızıntının rejim tərəfindən qəsdən Zərifi həbs etmək və namizədliyini irəli sürməsinə mane olmaq üçün edildiyini iddia edirlər.

Göründüyü kimi, bir-birini tamamilə inkar edən iki fərqli baxış var. Ancaq İrandakı hadisələri izləyənlərin heç biri Zərifin dediklərinə təəccüblənməiib.

Sözügedən müsahibədə Zərif xarici işlər naziri olaraq özünün, Həsən Ruhaninin və bütünlükdə hökumətin heç bir gücə sahib olmadığını etiraf edib. Hər kəs İran hökümətinin Ali lider Xameneinin, ayətullahların və İnqilab Keşikçilərinin rəhbərliyi altında işləyən bir “şou hökuməti” olduğunu bilir. Bunlar yeni məlumatlar deyil. Lakin bir İran rəsmisi ilk dəfədir ki, bunları açıq şəkildə etiraf edir.

NATO-ya bağlı olan “Scowcroft” Yaxın Şərq Təhlükəsizlik Təşəbbüsünün direktoru Kirsten Fontenroz bəzi amerikalıların bu vəziyyəti görməzdən gəldiyini söyləyib. Fontenroz xüsusilə də, keçmişdə İranla Nüvə Sazişi imzalayan ölkələri vurğulayıb. Hazırda danışıqlar aparan diplomatlar isə Xamenei və İslam Keşikçilərindən təsdiq almaq üçün İrana qayıtmalı olduqlarını bilsələr də, Ruhani və Zərifin mövqeyinin güclü olduğuna inanmaq istəyirlər.

Fontenrozdan müsahibə alarkən aramızda belə bir dialoq yarandı:

“- Bu, o deməkdir ki, ABŞ-ın hazırkı danışıqlar qrupu artıq iranlı müzakirəçilərin heç bir gücə sahib olmadığını gizlədə bilməyəcək?

- Vyanadakı komandamız da ABŞ hökumətindən təsdiq almalıdır. Çünki onlar ABŞ-da əsas səlahiyyət sahibi deyillər. Bununla birlikdə, komandamız bir kukla deyil, əksinə bu mövzuda mütəxəssisdirlər.

- Həmin müqavilənin yenilənməsinə meyilləri çoxdur, yoxsa sadəcə sazişin uzadılması müzakirə olunur?

- Həm yenilənməyə, həm də genişlənməyə doğru meyillər var. İlkin razılaşma və əlavə protokolun vaxtı yaxın zamanda bitəcək. Komandamız yeni müqavilə üçün yeni məqamları nəzərdən keçirir. Bununla yanaşı, İran əlavə məsələləri müzakirə etmək istəmədiyini və müzakirələrin yalnız köhnə razılaşmaya aid olduğunu söyləyir. Bu da bizi irəliyə aparmayacaq. Anlamalıyıq ki, ABŞ rəhbərliyinin birtərəfli qaydada götürə bilməyəcəyi sanksiyalar var, məsələn, terrorizmi maliyyələşdirdiyinə görə İrana tətbiq olunan sanksiyalar kimi. İran terrorizmi maliyyələşdirməyə davam edərsə, rəhbərlik bu sanksiyanı ləğv etmək qərarına gələ bilməyəcək və buna qətiyyən icazə verməyəcək.

- Keçən bazar günü istefa şayiəsinin yayıldığı Zəriflə bağlı mövzuya qayıtsaq, bu məsələ barədə düşüncələriniz nədir?

- İstefa ehtimalı prezident namizədliyi üçün ola bilər.

- Deməli, Xamenei ad çəkmədən Zərifi tənqid edərək Xarici İşlər Nazirliyinin heç bir səlahiyyəti olmadığını və özünün bütün qərarlarını izlədiyini deyir?

- Xamenei bunu etiraf edir. Zərif namizəd olmaq istəyirsə, istefa etməlidir. Lakin bu, onu riskli bir vəziyyətdə qoyur. Çünki İran bir siyasətçinin bir açıqlama verib, sonra üzünü çevirib həyatına davam edə biləcəyi bir ölkə deyil. Onu həbsxanaya sala bilər, məhkəməsində bir bəhanə yarada bilər və namizəd olmasına icazə verməyə bilərlər. Yəni Zərifin manevr azadlığı yoxdur.

- Bəs niyə bazar günü qəfildən yalan danışdılar?

- ABŞ-a və yerli istehlakçıya təzyiq göstərmək üçün. Çünki prezident seçkiləri yaxınlaşır. Seçicilərə radikalların irəlilədiklərini göstərmək istədilər.

- Zərif prezidentliyə namizəd olsaydı, ABŞ Zərifi dəstəkləmək üçün müəyyən sanksiyaların ləğvi kimi bəzi güzəştlərə gedə bilərdimi?

- İran bəzi vəzifələrini yerinə yetirsə, ABŞ da müəyyən addımlar atmağa hazır olar. Ancaq ABŞ-ın Zərifə dəstək olmaq üçün bəzi sanksiyaları ləğv edəcəyi təqdirdə, rejimin bunu qələbə kimi görüb-görməyəcəyini bilmirəm.

- Sizcə, İnqilab Keşikçiləri mülayim tərəflərə hərəkət azadlığı verəcəkmi?

- Özlərinə bağlı olan radikalları prezidentliyə namizədlər sırasına qoydular. Yəni mülayim olanlara heç şans verməyəcəklər.

- Yəni İranın davranışında heç bir dəyişiklik yoxdur?

- Qətiyyən. İranın davranışında ən xırda bir dəyişiklik belə gözləmirik. İranlıların nə qrafiki, addımları, ardıcıllığı, nə vəkillərinin məhdudlaşdırılması üçün izləməli olduqları şeyləri, nə də bölgədəki proqramlarını açıqlamasını gözləyirik. Bilirik ki, iranlılar bu məsələləri müzakirə etməyə belə razı olmayacaqlar.

- İran problemini necə həll edə bilərik?

- Bu, vacib bir sualdır, ancaq kənardan həll etmək mümkün deyil. Ən böyük problemlərdən biri rejimin öz xalqına kifayət qədər ciddi yanaşmaması və ya xalqın vəziyyətini düzəltmək üçün dəyişikliklər etməməsidir. İran xalqı rejimin bu barədə düşünməsini istəyir. Ancaq rejim gücünü və maliyyə vəsaitini artırmaq və hakimiyyətdə qalmasına imkan verən hər şeyi təminat almaq almaq istəyir. Vəziyyət belədir ki, İranda insanlar etiraz edib, dəyişiklik üçün təzyiq göstərənə qədər heç bir dəyişiklik görməyəcəyik.

- İranın ABŞ-a qarşı mübarizə aparmaq üçün Çin və Rusiya ilə güclü əlaqələri vurğuladığından xəbəriniz varmı?

- Bu barədə düşünürəm. Ancaq Çin və Rusiyanın İrandan fövqəladə münasibətlər gözlədiyini düşünmürəm. İki ölkə ABŞ-a qarşı düşmən münasibətlərini dəstəkləmək üçün İranla münasibətlər qurmağa hazırdır. Digər tərəfdən, Çin və Rusiya ABŞ-ın müttəfiqləri ilə əlaqələrini gücləndirməyə çalışırlar. Ancaq bunlarla (Çin və Rusiya) iİran arasında xüsusi bir əlaqə olmayacaq.

- O zaman Avropaya keçirik. Avropa İranı davranışlarını və ya planlarını dəyişdirməyə razı sala biləcəkmi?

- Avropanın artıq bir şansı olduğunu düşünmürəm. Bunun səbəbi həm Avropanın yaxşı bir iş görməməsi, həm də Nüvə Müqaviləsini imzalayan üç tərəfin bir-birinə qarşı döyüşməyə başlamasıdır. İran başa düşür ki, Avropanın narahatlığı ABŞ-ın yeni adminstrasiyası ilə münasibətləri bərpa etməkdir. Həm də İranda Avropanın bitərəf bir hakim olmadığını düşünməyə başlayıblar.

- Danışıqların yeni bir razılaşma ilə bitməsi üçün nə qədər gözləməliyik?

- Digər variantlar hansılardır? Danışıqları gözləməkdən başqa hansı variant var? Nüvə obyektlərini bombalamadan əvvəl nə qədər gözləməliyik? Çox uzun müddət gözlədik. Kiber hücumlar da var. İrana uzun müddət gözləməyəcəyimizi göstərmək üçün hər hansı bir ölkə bunu edə bilər. Hələ də dinc yolları nəzərdən keçiririk və İranın nüvə proqramını sürətləndirməkdən imtina etməsini gözləyirik.

- Siz dinc vasitələrə müraciət edərkən, İran etibarlı şəxslərindən istifadə edərək İraq, Suriya, Livan və Yəməndə təsir gücünü artırır. Siz onu razı salmaq üçün dinc yollar axtararkən, İran qazanmağa davam edir!

- İran nüvə proqramını bütün digər problemlərdən fərqli tutur. Nüvə anlaşması ilə bağlı danışıqların İranın digər proqramları üzərində heç bir təsiri yoxdur. İranla nüvə razılaşmasının onu davranışını dəyişdirməyə sövq edəcəyini düşünmək sadəlövhlükdür. Bu iki məsələ iki fərqli şəkildə həll edilməlidir. Düşünürəm ki, digər proqramlarda addım atmadan əvvəl nüvə danışıqlarının bitməsini gözləməliyik. Məncə, İran nüvə danışıqlarından regional müdaxiləsini artırmaq üçün bir örtük kimi istifadə edir.

- Bəs niyə ABŞ İranın bölgədəki təsiri və genişlənməsi ilə məşğul olmağa başlamır?

- Bunu etməli olan bölgədir. ABŞ üçün ən təhlükəli şey İranın nüvə proqramıdır. Eyni şey İsrailə də aiddir. Bu səbəbdən, israillilərin gözləmədən dağıdıcı əməliyyatlar keçirdiyini görürsünüz. İranın qonşu ölkələr üçün yaratdığı ən böyük təhlükə regional fəaliyyətləridir. Bu ölkələr xalqlarının İranın dağıdıcı hərəkətlərinin hədəfi olmaqdan necə çəkinə biləcəyini düşünməyə başlayıblar.

- İran nüvə silahından istifadə etməyə cəsarət etməz, çünki bu, onun sonu deməkdir, elə deyilmi?

- Razıyam. ABŞ nüvə təhlükəsizliyinin liderliyini öz üzərinə götürür. Bölgədəki ölkələr də regional təhlükələrlə ilə maraqlanmalıdırlar. İran təhlükəli bir oyun oynayır. Beynəlxalq arenada özünü kənara atılmış kimi təqdim edir. İllərlə rədd prinsipini qəbul edərək, açıq şəkildə təcavüzkarın özü deyil, əksinə öz iradəsi ilə hərəkət edən vəkillər olduğunu iddia etdi. İndi hamı bilir ki, İran bölgədə, İraqda, Suriyada və Livanda sabitliyi pozan bütün addımlara rəhbərlik edir. İran etdiyi hər şeyə görə mühakimə olunmalıdır. Vəkillərin arxasına sığınmaq və ya rədd etmək dönəmi bitdi. İrana tətbiq olunan sanksiyaların ləğvi bölgədəki güclərinin sərbəst buraxılmasına səbəb olacaq. Hizbullahın İran tərəfindən bu şəkildə dəstəklənmsi davam etdikcə prezident Co Bayden Tehrana qarşı sanksiyaları da ləğv edə bilməyəcək. Bunun nüvə danışıqları ilə heç bir əlaqəsi yoxdur.

- Yəni Bayden İranla hər hansı bir razılaşma əldə etmək istəyir?

- Bəli, Bayden seçki kampaniyasında bu vədi verib. Üstəlik, İranla razılığa gəlmədən bölgədə heç bir şey edə bilməz. Ancaq İran bilir ki, razılığa gəlsə, ABŞ ondan digər sənədləri açmasını istəyəcək. İran isə bunu istəmir. O, danışıqların daha uzun çəkməsini istəyir. Amma sanksiyaların ləğv edilməsini da tələb edir. Buna görə, İran öz rejimini qorumaq üçün razılığa gəlmək baxımından bir yol tapmalıdır. Düzdür, İran öz vəkilləri ilə bir çox ərəb ölkəsini məhv etdi. Lakin İran təkbaşına yaşaya bilməz. Əvvəl-axır, öz zəhəri onun özünü öldürəcək”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az