Pirallahı İcra Hakimiyyəti: “İqbal Səfərova süpürgəçi işinin təklif edilməsi absurddur”

“Bildiririk ki, Rayon İcra Hakimiyyətində 2 nəfərlik xadimə ştatı vardır və həmin ştatlar üzrə xanımlar çalışır. Göründüyü kimi İqbal Səfərova süpürgəçi işinin təklif edilməsi absurddur və qeyri mümkündür”.

Prallahı rayon İcra hakimiyyəti bu gün Vətən müharibəsi iştirakçısı olan zabitə süpürgəçi işləmək barədə yerli mətbuatda yayılan xəbəri təkzib edib. PİA.az xəbər verir ki, icra hakimiyyətinin yaydığı təkzib məktubunda Vətən müharibəsi iştirakçılarının sosial problemləri həmişə rayon rəhbərliyinin diqqət mərkəzindədir:

“Rayonumuzda şəhid ailələri və qaziləri narahat edən problemlər dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Pirallahı rayonunda şəhid ailələri, müharibə veteranları və iştirakçılarına xüsusi qayğı göstərilir.Səfərbərlik Xidməti tərəfindən ehtiyatda olan zabit kimi Vətən müharibəsinə qatılmış İqbal Səfərov Rayon İcra Hakimiyyətində 2 dəfə yüksək səviyyədə qəbul edilib.

Torpaqlarımızın erməni işğalçılarından azad olunmasında xidmətlərini nəzərə alaraq İqbal Səfərov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri fərman”la təltif olunmuş və o, səmimi qəbullara və diqqətə görə öz minnətdarlığını bildirib.

Bildiririk ki, “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə 2 nəfər Vətən Müharibəsi iştirakçısı işə götürüldükdən sonra İqbal Səfərov ordudan təxris olunmuş və Rayon İcra Hakimiyyətinə işlə bağlı şifahi müraciət edib. Qəbullar zamanı o, uzun müddət Naxçıvan Muxtar Respublikasında Gömrük orqanlarında çalışdığını və bundan sonra da orada işləmək istədiyini bildirib. Bununla yanaşı 2 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Rahim Əliyevin verdiyi məlumata görə o, 2 dəfə Məşğulluq Mərkəzinə müraciət edib və ona ixtisasına uyğun işlər təklif edilib. Lakin İqbal Səfərov Gömrük orqanlarında işləmək arzusunda olduğunu bildirərək, təklif edilən işlərdən imtina edib.

İqbal Səfərov Məşğulluq Mərkəzinin müdiri Rahim Əliyevdən onun Gömrük orqanlarında işlə təmin edilməsinə köməklik göstərilməsini xahiş edib. Lakin ona bildirilib ki, bu onların səlahiyyəti çərçivəsində deyil və Gömrük orqanlarında işə qəbul müsabiqə və müsahibə yolu ilə həyata keçirilir.

Qeyd edək ki, İqbal Səfərova həmçinin Özünüməşğulluq proqramı çərçivəsində paket sənədlər təqdim ediib, Məşğulluq Mərkəzinə gəlməsi tövsiyə edilib.

Bildiririk ki, Rayon İcra Hakimiyyətində 2 nəfərlik xadimə ştatı vardır və həmin ştatlar üzrə xanımlar çalışır. Göründüyü kimi İqbal Səfərova süpürgəçi işinin təklif edilməsi absurddur və qeyri mümkündür. Onun Gömrük orqanlarından ayrılmasının səbəbləri bizə məlum deyildir. Bu cür vətənpərvər müharibə veteranının hərəkətləri təəssüf doğurur”.

pia.az