“Azərbaycanda polemika mədəniyyəti yoxdur" - Azər Qərib

"Azərbaycanda polemika mədəniyyəti yoxdur, yaxud çox aşağı səviyyədədir”.Bunu tanınmış jurnalist və blogger Azər Qərib deyib.O bildirib ki, polemika mədəniyyəti insanın savadından asılı deyil, daxili mədəniyyət olmalıdır, o da tərbiyədən irəli gəlir:

"Oxuduğun kitablardan, əhatəndən, durub-oturduğun insanların səviyyəsindən. Məsələn, yazırsan ki, filan şey belədir, bunu düzgün hesab edirəm və müxtəlif şərhlər gəlməyə başlayır. Şərhləri nə ayırır? Dərhal yazanın daxili mədəniyətini, tərbiyəsini, səviyəsini görürsən. Hər bir insanın şəxsi yanaşması olmalıdır, fərqli mövqeyi, bunlar normaldır.

Amma baxın, biri yazır ki, mən sizinlə razı deyiləm, filan şey belə olmamalıdır və fikrini anladığı kimi əsaslandırmağa çalışır. Çox gözəl, çox pakizə, bu, mədəni yanaşmadır. Digərisi isə yazır - sənin başına hava gəlib, sən kimsən ki, belə fikirlər yazırsan. Yəni mövzunu deyil, səni müzakirə edir, lağ-lağı etməyə çalışır, cılız yumorunu qoyur ortalığa, elə özü səviyyəsində olduğu dostlarına öz aləmində "krutoy”luğunu göstərir. Əslində isə bununla öz nadanlığını, tərbiyəsizliyini, mədəniyyətsizliyini qoyur ortalığa”.

A.Qərib qeyd edib ki, bu cür şərhlər görəndə həmin şəxsi dərhal əngəlləyir:

"Belə tərbiyəsizliyi qadınlar nümayiş etdirəndə isə, blokdan savayı həm də çox üzülürəm. Əfsuslar, xanım olmağı hamı bacarmır, amma sözüm onda yox. Hamınız şahidisiniz ki, mədəni formada alternativ fikir səsləndirənlərə, təhqirə keçmədən mənimlə razılaşmayanlara normal yanaşıram, hətta hərdən nəsə özüm üçün yeni bir bilgi alıram. Amma mənimlə səviyyəsiz tərzdə davranmaq istəyənlərə, mənə hörmətsizlik göstərənlərə profilimdə yer yoxdur və olmayacaq. Mark müəllimə çox minnətdaram ki, bizə burada bu imkanı yaratdı və ünsiyyəti qəlbimizə, ruhumuza, ürəyimizə yaxın və xoş olan insanlarla qura bilirik”.(sfera.az)

pia.az