XİN-də “ciddi” struktur islahatları – Toplananların yeri dəyişiləndə cəm dəyişirmi?..

Xarici içlər Nazirliyində islahat adına Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoyublar...

Xarici İşlər Nazirliyində (XİN) yeni idarələr yaradılıb. Nazirlikdə aparılan struktur islahatları çərçivəsində Təşkilat-nəzarət idarəsi təsis olunub. Yeni idarənin fəaliyyətinə nəzarəti isə Xarici İşlər naziri Ceyhun Bayramovun şəxsən özü həyata keçirəcək. Məlumata görə, Xarici İşlər nazirinin yeni təyin olunmuş müavini Elnur Məmmədovun kurasiyasına daxil olan sahələr də müəyyənləşdirilib. Bundan sonra o, XİN-in Amerika İdarəsi, Asiya İdarəsi, YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi, Ümumi Katiblik, Linqvistika Təminat İdarəsi, Arxiv İdarəsi, Xüsusi Şöbə və İşlər İdarəsinin fəaliyyətinə nəzarəti həyata keçirəcək. Məlum olduğu kimi, əvvəl bu strukturlara nəzarət nazir müavini Fariz Rzayevə həvalə olunmuşdu. Görünən budur ki, Elnur Məmmədov ötən ay xarici işlər nazirinin müavini təyin olunandan sonra Fariz Rzayevin bütün səlahiyyətləri əlindən alınıb yeni müavinə verilib. Amma bu o demək deyil ki, Fariz Rzayev bekar qalıb. Ona sözün əsl mənasında  nazirə yaraşan səlahiyyət veriblər. Söhbət ondan gedir ki, indiyədək  C.Bayramovun kurasiyasında olan Azərbaycan Respublikasının Beynəlxalq inkişafa yardım idarəsinə (Agentlik) nəzarət Fariz Rzayevə tapşırılıb. Nazirin digər müavini Mahmud Məmməd-Quliyevin kurasiyasında olan İnsan hüquqları və demokratiya idarəsi ləğv edilib. Amma sanmayın ki, bu yer boş qalıb. Əksinə, onun əsasında Beynəlxalq insan hüquqları təsisatları ilə əməkdaşlıq idarəsi yaradılıb. Yəni addakı bir sözü ixtisara salıb adını qoyublar struktur dəyişikliyi. İxtisara düşən isə nə söz olsa yaxşıdır – “demokratiya”. Azərbaycan diplomatiyasını formal da olsa, müasir siyasi təmayüllərə meylli kimi göstərən “demokratiya” sözü deyəsən XİN-in yeni rəhbərliyinin ümumiyyətlə xoşuna gəlməyib və buna görə də gündəmindən çıxarılıb. Bundan sonra Avropa İttifaqı istəsə belə, demokratik tələbləri XİN-in qarşısına qoya bilməyəcək.  Əgər “struktur dəyişikliyi” budursa, XİN-in yeni rəhbərliyinin həyata keçirdiyi “islahatlar” siyasi oryantasiya dəyişikliyinə daha çox bənzəyir. Amma insafən strukturda bəzi dəyişikliyə də gedilib. Bu zamana qədər nazirliyin bütün çətin işləri ən təcrübəli iki nazir müavininin - Xələf Xələfovun və Mahmud Məmməd-Quliyevin çiyinlərində idisə, indi onların öhdəsinə sayca ən az idarə düşüb. Mahmud Məmməd-Quliyev bundan sonra İqtisadi Əməkdaşlıq idarəsi; Humanitar və Sosial Məsələlər idarəsi; Beynəlxalq İnsan Hüquqları təsisatları ilə Əməkdaşlıq İdarəsinə, Xələf Xələfov isə Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi; Birinci Avropa İdarəsi (Bu lap Birinci Avropa Oyunlarına oxşadı); Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinə nəzarət edəcək. (ovqat.com)

pia.az