ABŞ hakimiyyəti nəqliyyatda maska rejimini sentyabrın 13-dək uzadıb

ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Məsələləri üzrə İdarəsi ölkənin bütün nəqliyyat şəbəkələrində məcburi maska rejimini sentyabrın 13-nə qədər uzadıb.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu barədə idarə rəhbərinin vəzifələrini icra edən Darbi Lecoy tərəfindən yayımlanan yazılı bəyanatında deyilir.

“Nəqliyyatda Təhlükəsizlik Məsələləri üzrə İdarə ABŞ-ın nəqliyyat şəbəkələrində, o cümlədən aeroportlarda, təyyarələrdə, reys avtobuslarında, dəmir yolu nəqliyyatında qoruyucu maskaların taxılması tələbini sentyabrın 13-dək uzadıb. Federal hökumətin bütün nəqliyyat şəbəkələrində maska taxılması barədə tələbi koronavirusun ictimai nəqliyyatda yayılmasının minimuma endirilməsinə yönəlib. Hazırda yetkinlik yaşına çatan vətəndaşların təxminən yarısı vaksinin azı bir dozasını əldə edib və qoruyucu maskalar pandemiya ilə mübarizədə əsas alət olaraq qalır”, - deyə Darbi Lecoy bildirib.

Nəqliyyatda maska rejimi barədə əvvəlki göstərişin müddəti mayın 11-də bitirdi.

Bir qədər öncə ABŞ-ın xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzləri COVID-19 əleyhinə vaksinasiyadan asılı olmayaraq, bütün amerikalılara küçədə maskasız gəzməyə icazə verib.

Qeyd edək ki, ötən il mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, bu günə qədər ABŞ-da 33 milyon 103 mindən çox insan koronavirusa yoluxub. Eyni zamanda, 25 milyon 710 min nəfər COVID-19 infeksiyasından sağalıb, 590 min nəfər isə infeksiya səbəbindən vəfat edib.

pia.az