BƏƏ-də nikahdankənar doğulanlara da doğum şəhadətnaməsi veriləcək

Birləşmiş Ərəb Əmirliklərində aparılan son sosial islahatlar diqqətləri cəlb edib. Ölkədə həyata keçirilən yeni sosial islahatlar nəticəsində qadınların deportasiyası və həbs cəzası kimi ehtimallar ortadan qaldırılıb.

Qərarı BƏƏ-nin Baş nazirin müavini Şeyx Mansur bin Zayid əl-Nəhyan imzalayıb.

Bu qərara qədər nikahdankənar doğulan övladlarına doğum şəhadətnaməsi ala bilməyən qadınlar bu səbəblə heç bir sosial hüquqdan yararlana bilmirdilər.Əvvəlki qaydaya görə doğum şəhadətnaməsinin verilməsi üçün uşağın valideynləri doğuşdan 180 gün öncə evlənməli idilər. Yeni qərarla isə körpənin valideynləri evlilik tələbi olmadan birlikdə doğum şəhadətnaməsi üçün müraciət edə və bunu ala biləcəklər.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində cinsi təcavüzdən sonra hamilə qalan bir çox qadın bu vəziyyətdən ən çox zərər çəkənlərdən idi. Maliyyə durumları ölkədən qaçmağa uyğun olmayan qadınlar doğuşdan sonra uşaqlarını gizli şəkildə böyütməyə məhkum olurdular.

Son sosial islahatlar zamanı da abort barədə heç bir qərar qəbul edilməyib və bu ölkədə cinayət sayılmaqda davam edir.

pia.az