“Bayden erməni diasporunun “4T” hədəfinə yaşıl işıq yandırdı”

Cozef Baydenin 1915-ci il hadisələrini “soyqırımı” adlandırması erməni diasporunun “4T” hədəfinə yaşıl işıq yandırması deməkdir. Türkiyənin “Sözçü” qəzetinin məşhur yazarı Uğur Dündar bu fikirdədir.

Bəs nədir “4T”?

Novator.az-ın məlumatına görə, Uğur Dündar özünün “Twitter” hesabında “4T”nin mənasını belə açıqlayıb: 1. Tanıtma; 2. Tanınma; 3. (Türkiyədən) Təzminat; 4. Torpaq tələbi.

Uğur Dündar vurğulayıb ki, Baydenin işlətdiyi “soyqırımı” ifadəsi tarixə sadəcə çirkin bir iftira kimi düşəcək.

Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden XX əsrdə, Osmanlı İmperiyasının son çağlarında baş verən toqquşmalar zamanı ermənilərin üzləşdiyi hadisələri “soyqırımı” kimi qiymətləndirib.

Cozef Bayden ABŞ-a 2021-ci il yanvarın 20-dən rəhbərlik edir. O, ölkəsindəki erməni lobbisinə yaxın, Türkiyəyə qarşı sərt mövqeyi olan siyasətçi kimi tanınır.

Saxta soyqırımı iddialarına əsasən, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək bir çox ölkənin (Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Fransa, İsveç, İsveçrə, İtaliya, Kipr, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Vatikan, Yunanıstan, ABŞ, Kanada, Argentina, Boliviya, Braziliya, Çili, Paraqvay, Uruqvay, Venesuela, Livan, Suriya və s.) qanunverici orqanları, bəzi beynəlxalq qurumlar tanıyıb.

pia.az