Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Demək olarmı ki, Rusiya bu cür tədbirlər keçirməklə birbaşa Azərbaycana qarşı təzyiq siyasətinə əl atır?..    

Hərbi ekspert: “Rusiya sülhməramlıları üçtərəfli bəyanatın şərtlərində göstərilməyən tədbirlərin Azərbaycan ərazisində həyata keçirilməsini rəsmi Bakı ilə razılaşdırmalıdır”.

“Əgər belə tədbirlərin keçirilməsi vacibdirdirsə, deməli orada Azərbaycan da təmsil olunmalıdır”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Rusiyanın Xankəndində keçirəcəyi hərbi paradın məqsədini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya sülhməramlılarının Xankəndində hərbi parad keçirəcəyi xəbəri yayılıb. Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur və demək olarmı ki, Rusiya bu cür tədbirlər keçirməklə birbaşa Azərbaycana qarşı təzyiq siyasətinə əl atır?

Rusiyanın Xankəndində keçirəcəyi hərbi paradı PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Azərbaycanın iştirakı olmadan belə tədbirlərin keçirilməsi təbii ki, Azərbaycana qarşı məhdud hərbi təzyiq kimi dəyərləndirilə bilər”.

Qarabağ müharibəsində yüksək nailiyyətlər əldə edən hərbi hissələrdən birinin qalib ordu kimi Rusiya ilə bərabər Xankəndində keçiriləcək təntənəli paradda iştirak etməli olduğunu düşünən ekspert PİA.az-a bildirib ki, həmin tədbirdə Azərbaycanın veteranlarının, yəni həm Birinci Qarabağ, həm İkinci Qarabağ, həm də İkinci Dünya müharibəsində iştirak etmiş veteranlarının fəxri qonaq kimi iştirakı məqsədəuyğundur:

“Rusiya sülhməramlıları üçtərəfli bəyanatın şərtlərində göstərilməyən tədbirləri və Azərbaycan ərazisində həyata keçirdikləri istənilən tədbiri Azərbaycanla razılaşdırmalıdır. Rusiya tərəfindən istər humanitar fəaliyyət, istər təntənəli yürüş, istərsə də paradın keçirilməsi Azərbaycanla razılaşdırılmalıdır.

Əgər belə tədbirlərin keçirilməsi vacibdirsə, deməli orada Azərbaycan da təmsil olunmalıdır. Məsələn Qarabağ müharibəsində yüksək nailiyyətlər əldə edən hərbi hissələrdən biri qalib ordunun təmsilçisi kimi Rusiya ilə bərabər Xankəndində keçiriləcək təntənəli tədbirdə iştirak etməlidir. Həmçinin həmin tədbirdə Azərbaycanın veteranlarının, yəni həm Birinci Qarabağ, həm İkinci Qarabağ, həm də İkinci Dünya müharibəsində iştirak etmiş veteranlarının fəxri qonaq kimi iştirakı məqsədəuyğundur.

Lakin Azərbaycanın iştirakı olmadan belə tədbirlərin keçirilməsi təbii ki, Azərbaycana qarşı məhdud hərbi təzyiq kimi dəyərləndirilə bilər”.

Nərminə UMUDLUpia.az